"Zirə" Avropa Liqasında mübarizəni dayandırdı. Səfərdə "Şerif"i 1:0 hesabı ilə məğlub edən Bakı klubu doğma meydanda Moldova təmsilçisinə 2:1 hesabı ilə uduzdu.
Penaltilər seriyası isə komandamızı mübarizədən kənarda qalmasına səbəb oldu. "Qartallar" burada da rəqibinə 4:5 hesabı ilə uduzdu. Görəsən, "Zirə" nə üçün AL-də uğurlu çıxış edə bilmədi? Sualımızı Yunis Hüseynova ünvanladıq. Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Məğlubiyyətin səbəbi sadədir: "Zirə"nin futbolçusu sadə vəziyyətdə yersiz hərəkət etdi və nəticə göz qabağındadır. 10 nəfərlə oynamaq hər zaman çətin olub. Düşünürəm ki, bu hadisə olmasaydı, təmsilçimiz rahatlıqla mərhələ adlaya bilərdi. Rəşad Sadıqovun kollektivi yenə də pis mübarizə aparmadı, oyun penaltilərə qədər gedib çıxdı. Sonda Fuad Bayramovun "çərçivə"yə düşə bilməməsi, komandamızın mübarizəni dayandırması ilə nəticələndi".
Mütəxəssis penaltilərə futbolçuların hazır olmasının vacibliyini vurğuladı:
"Burada əsas məqam özünəinamdır. "Neftçi"də çıxış edən zaman mən də penalti zərbələrini yerinə yetirirdim. Nə qədər təcrübən olsa da, həyacanı üstələyə bilməsən, sənin üçün çətin olacaq. Sanki elə anlarda qapı balacalaşır. Oyunçular psixoloji cəhətdən buna hazır olmalıdır. Amma "Zirə" futbolçuları dərk etməli idilər ki, oyunu penaltilərə aparmağa ehtiyac yoxdur. Bir futbolçunun səhvi komandanı turnirdən etdi. Konfrans Liqasına hazırlaşmaq lazımdır. Düşünürəm ki, "Zirə" səhvindən nəticə çıxaracaq".