Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında "Zirə" "Şerif"ə məğlub olaraq mübarizəni dayandırdı - 1:2 (4:5).
Offsideplus.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirildi.
Mütəxəssis məğlubiyyəti belə şərh etdi:
"Oyunu şərh etmək çox çətindir. Görüşü iki hissəyə bölməliyik. Qırmızıya kimi hər şey nəzarətimizdə idi. Hər şey istədiyimiz kimi idi. İkinci hissədə müdafiə olunaraq əks-hücuma keçmək istəyirikdik. Görüşün ilk hissəsinin sonlarında rəqib üstümüzə gəldi. Rəqibə qol epizodu vermədən qol buraxdıq. Bu, məyusedici məqam idi. Onlara qol epizodu vermirdik. Məyusuq. Amma bu məğlubiyyət bizi daha da böyüdəcək. Uşaqlara təşəkkür edirəm. Çox çətin idi. Mövsümün ikinci oyunu idi. Hava da çox isti idi. Mübarizə aparmaq çox çətin idi. Tez şəkildə toparlanaraq növbəti oyunlara hazırlaşmalıyıq".
Rəşad Sadıqov hakimlik haqda da danışdı:
"Referi bütün epizodlarda əks istiqamətə qərar verirdi. İndi danışacam... Yenə deyəcəklər ki, hakimlikdən şikayət edir. Lakin referinin rəqibə simpatiyası hiss olunurdu".
Mütəxəss qırmızı alaraq komandanı pis vəziyyətdə qoyan Salifu Sumanı cəzalandıracağını bildirdi:
"Epizoda baxacam. Dəqiq izləməmişəm. Baxacam. Günahı olsa, cəzalandırılacaq".