"Qarabağ" dünən Almaniyanın ən köklü klublarından biri ilə qarşılaşdı. "Frayburq"la əldə olunan 1:1 hesablı heç-heçədə Ağdam təmsilçisinin futbolçularının böyük əzmkarlığı, mücadiləsi vardı".
Bu sözləri Offsideplus.az-a açıqlamasında Azərbaycanın tanınmış futbol mütəxəssislərindən biri, Birinci Divizionda çıxış edən "Araz Naxçıvan" klubunun baş məşqçisi Azər Bağırov deyib.
41 yaşlı mütəxəssis "Qarabağ"ın ötən gecə UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda Almaniya "Frayburq"u ilə oyununu (1:1) dəyərləndirib.
O, "atlılar"ın turnirdəki çıxışını yüksək qiymətləndirib:
"Qarabağ" görüşü qalib kimi də başa vura bilərdi. Çünki almanlar həm 3 gün öncə Bundesliqada "Şalke"ni məğlub etmişdilər, həm də Avroliqanın qrup mərhələsində birinciliyi təmin etmişdilər. Ona görə düşünürdük ki, Bakıda belə əzmkar mübarizə aparmazlar. Amma ötən gecə "alman maşını"nın düz işləməsi göz önündəydi. "Qarabağ"ın çıxışına gəlincə, təmsilçimizə meydanda apardığı mübarizəyə, futbolçuların oyununa görə sadəcə əhsən düşür. Dünən "Qarabağ" qol və qollar da vurdu. Təəssüf ki, VAR-ın qərarıyla ləğv edildi".
Bağırov, ağdamlıların UEFA Avropa Konfrans Liqasındakı çıxışından gözləntilərini də bölüşüb:
"Qarabağ" artıq avrokuboklarda böyük təcrübə qazanıb. Ümid edirəm ki, Qurban Qurbanovun komandası bu təcrübənin hesabına Konfrans Liqasında da uğurlu çıxış edəcək".
Offsideplus.az