"Qarabağ" bu gün UEFA Avropa Liqasının III turu üzrə Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq.
Tanınmış futbol mütəxəssisi Yunis Hüseynov Offsideplus.az-a açıqlamasında Ağdam təmsilçisinin Yunanıstan klubuna qarşı şanslarını dəyərləndirib:
"Lap öncədən bu fikirdə olmuşam ki, qrupda ilk pillədə "Frayburq" qərarlaşacaq, "Qarabağ" ikinci, "Nant" üçüncü, "Olimpiakos" isə sonuncu olacaq. "Olimpiakos"un oyunlarını izləmişəm, əvvəlki "Olimpiakos" deyil. Hazırda gördüyümüz komanda yaxşı oyun nümayiş etdirib, qələbələr qazanan "Olimpiakos"dan aşağı səviyyədədir. Məncə, "Qarabağ" hər iki oyunda rəqibdən xal alacaq. Həm səfər, həm də ev oyununda qalib gəlib, 6 xalı əldə edəcək. Sabahkı oyunda Ağdam təmsilçisinə uğurlar arzu edirəm, inanıram ki, qələbə qazanan tərəf olacaqlar".
57 yaşlı mütəxəssis Miçelin Pirey təmsilçisinin yeni baş məşqçisi təyin olunması, yeni transferlər və azarkeş dəstəyinin "Qarabağ"a çətinlik yaratmayacağını bildirib:
"Düzdür, "Olimpiakos" çoxlu səs-küylü transferlər reallaşdırıb. Lakin futbolu adlar qazanmır. Adlı-sanlı futbolçular transfer edilsə də, bu oyunçuların yaşları ötüb. Rəqibin baş məşqçisi dəyişsə də, dəyişməsə də, "Qarabağ" komandası öz oyununu oynayır və bu sistemlə çox yaxşı mübarizə aparır. Hər bir komandada baş məşqçi dəyişikliyi baş verəndə, adətən futbolçularda motivasiya həddindən artıq çox olur. "Olimpiakos" ev oyunlarında bu motivasiya və azarkeş dəstəyinə görə seçilib. Lakin belə düşünürəm ki, tribunada azarkeş nə qədər çox olsa, "Qarabağ" o qədər güclənir. Ona görə də rəqibdəki həm baş məşqçi dəyişikliyi, həm də güclü azarkeş dəstəyi "Qarabağ"ın xeyrinə olacaq".
Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.