Bu gün Ağdamın "Qarabağ" futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

"Sevilya": Avropa Liqasının rekordçusu...

Təmsilçimizin rəqibi İspaniyanın adlı-sanlı "Sevilya" klubudur. Təsadüfi deyil ki, "Sevilya" UEFA Avropa Liqasını ən çox qazanan klubdur. Əndəluslar sözügedən kuboku düz 5 dəfə muzeylərinə aparmağı bacarıb. Bu mövsüm sentyabrın 19-da Bakıda baş tutan görüşdə Qurban Qurbanovun yetirmələri rəqibinə 0-3 hesabı ilə məğlub olmuşdu. Ötən tur qrup liderliyini təmin edən "Sevilya"nın "Qarabağ" qarşısına ehtiyyat heyətlə çıxacağı gözlənilir. Qrup üçüncüsü olan və hələ də növbəti mərhələ şansını qoruyan "Qarabağ" üçün isə bu matç tam bir dönüş nöqtəsi ola bilər. "Köhlən atlar" APOEL ilə görüşlərdə itirdiyi xalların əvəzini bu oyunda qaytara bilər...

Səfərdə ispanlardan xal qoparan bir "Qarabağ"...
Yaxın keçmişə nəzər yetirsək, görərik ki, "Qarabağ" səfərdə ispanlardan xal qopara bilib. Ağdamlılar bu günə kimi ispan klubları ilə 3 rəsmi görüş keçirib. 2017/2018-ci illər mövsümündə UEFA Çempionlar Liqası çərçivəsində qarşı-qarşıya gələn "Qarabağ" və Madrid "Atletiko"su hər iki görüşdə bərabərliyə razı olub. Bakıdakı görüş 0-0, Madriddəki matç isə 1-1 hesabı ilə yekunlaşıb. Bu, Azərbaycan klublarının İspaniya səfərində qazandığı yeganə xaldır. Ümumilikdə UEFA bayrağı altında keçirilən turnirlərdə Azərbaycan və İspaniya təmsilçiləri 5 dəfə üz-üz gəlib. Üstünlük pireneylilərin tərəfindədir:
2015/2016-cı illər mövsümü, AL, lll təsnifat mərhələsi:
1. "Atletik" (Bilbao) 2-0 "İnter" (Bakı)
2. "İnter" (Bakı) 0-0 "Atletik" (Bilbao)
2017/2018-ci illər mövsümü, ÇL, Qrup mərhələsi:
3. "Qarabağ" 0-0 "Atletiko" (Madrid)
4. "Atletiko" (Madrid) 1-1 "Qarabağ"
2019/2020-ci illər mövsümü, AL, Qrup mərhələsi:
5. "Qarabağ" 0-3 "Sevilya"

Gözümüz İspaniyada, qulağımız Lüksemburqda...
4 turdan sonra A qrupuna 12 xalla (maksimum göstərici) "Sevilya" liderlik edir. Kiprin APOEL klubu və təmsilçimiz "Qarabağ" 4 xala malikdir. Öz aralarındakı oyunların nəticəsinə görə kiprlilər ikinci, "Qarabağ" isə üçüncü pillədə qərarlaşıb. Lüksemburqun "Dudelanj" klubu isə 3 xalla qrup sonuncusudur. "Dudelanj" demişkən, cırtdan ölkə təmsilçisi qrupda yeganə qələbəsini (4-3 hesabı ilə) "Qarabağ"ın əsas rəqibi APOEL üzərində qazanıb. "Sevilya" - "Qarabağ" matçı ilə eyni vaxtda başlayacaq "Dudelanj" - APOEL matçının nəticəsi də ağdamlıların qrupdan çıxması baxımından çox əhəmiyyətlidir. Nikosiyada APOEL klubunu 4-3 hesabı ilə məğlub edən "Dudelanj"dan növbəti surprizi gözləməyə dəyər. Əgər qrup mərhələsinin sonunda "Qarabağ" və APOEL eyni xala malik olarsa, qrupdan kiprlilər çıxacaq. Məhz buna görə də "Qarabağ" qrupdan çıxmaq üçün son 2 turda xal ehtiyyatını artıraraq Kipr klubunu qabaqlamalıdır.

Qələbəyə həsrət "Qarabağ"...
Qurban Qurbanovun yetirmələti Azərbaycan Premyer Liqasında liderlik etsə də, "Qarabağ" 3 turdur ki, qələbəyə həsrət qalıb. "Qarabağ"ın ölkə çempionatının son 5 turunda cəmi bircə qələbəsi var. "Köhlən atlar" 9-cu turda "Səbail"ı 1-0 hesabı ilə məğlub edib. "Qarabağ" çempionatda keçirdiyi son 5 görüşün nəticəsi:
1. "Qəbələ" 1-1 "Qarabağ"
2. "Qarabağ" 1-0 "Səbail"
3. "Neftçi" 0-0 "Qarabağ"
4. "Qarabağ" 1-1 "Zirə"
5. "Sumqayıt" 2-1 "Qarabağ"

"Sevilya" isə qələbələri sıralayır...
"Qarabağ"ın rəqibi "Sevilya"nın isə daxili çempionatda işləri o qədər də pis getmir. Əndəluslar 14 turdan sonra La Liqanın 3-cü pilləsində lövbər salıblar. "Sevilya"nı 1-ci və 2-ci pillələrdə qərarlaşan "Barselona" və Madrid "Real"ından cəmi 1 xal ayırır. Qeyd edək ki, həm "Barselona", həm də "Real" "Sevilya"dan bir oyun az keçirib. "Sevilya"nın son 5 oyununun nəticəsi:
1. "Sevilya" 2-0 " Xetafe"
2. "Valensiya" 1-1 "Sevilya"
3. "Sevilya" 1-1 "Atletiko" (Madrid)
4. "Betis" 1-2 "Sevilya"
5. "Valyadolid" 0-1 "Sevilya"

Sevilya şəhərinin "Roman Sançes Pisxuan" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə 23:59-da başlayacaq. Oyunu Məhəmməd əl-Hakimin başçılıq etdiyi isveçli hakimlər briqadası idarə edəcək.

 

Həmidağa Məcidov