"Həqiqətən də çətin oyun oldu. Rəqib qapananda, oyunlar çətin alınır və müdafiəni yarmaq asan olmur. Bəxtimiz gətirdi ki, erkən qol vurduq. Bu da bizə kömək etdi".
Offsideplus.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Xayme Romero Şimali İrlandiyanın "Linfild" komandasını məğlub etdikləri (2:1) Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
29 yaşlı yarımmüdafiəçi erkən vurulan qoldan sonra fərqlənə bilməmələri barədə danışıb: "1:0 hesabı ilə qalib gəlməyimiz demək olar ki, rəqib üçün heç nəyi dəyişmirdi. Onlar düşünürdülər ki, vurduqları bir qol vəziyyəti xeyirlərinə dəyişəcək. Eyni vəziyyətdə oynamağa davam edirdilər. Qapandılar və əks hücumlara bel bağladılar".
İspaniyalı oyunçu "Qarabağ"a gələndə avrokuboklarda oynamaq istədiyini söyləyib: "Öncə Çempionlar Liqasında inamla irəlilədik. Davam edə bilərdik. Bu gün bu turnirdə olmamağımızı bəxtsizliklə əlaqələndirərdim. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq və buna layiqik. Burada öz ölkəmin komandasına qarşı çıxış etmək mənim üçün maraqlı olardı. İnanıram ki, turnir çox maraqlı keçəcək".
Yarımmüdafiəçi çempionat matçları ilə müqayisədə avrokuboklara çox azarkeş gəlməsinin onun üçün təəccüblü olduğunu deyib: "Əsas odur ki, Avropada keçirdiyimiz oyunlarda bizə dəstək olurlar. Çalışacağıq ki, fanatların ümidlərini doğruldaq". (Report)