İngiltərənin “Arsenal” klubu futbolçusu Henrix Mxitaryanı UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gətirib-gətirməməklə bağlı qərarını bu gün açıqlayacaq.
Offsideplus.az “The Times” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi Ermənistan yığmansının 30 yaşlı yarımmüdafiəçisinə dair mövqeyini günün sonuna qədər elan edəcək.
Bir müddət əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov “The Telegraph”a açıqlamasında Azərbaycanın dövlət orqanlarının Mxitaryanın Bakıya gəlişi ilə bağlı UEFA-ya zəmanət verdiklərini bildirib. Milli assosiasiya rəsmisi təhlükəsizliyin təmin edilməsinə dair heç bir problemin olmadığını vurğulayıb: "Zəmanətin verilməsi ilə əlaqədar sorğunu hələ “Arsenal” finala çıxmamışdan əvvəl UEFA-dan almışıq. Bizim hakimiyyət Mxitaryanın Bakıya gəlişi üçün bütün zəruri təhlükəsizlik tədbirlərini görüb”.
Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda Londonun digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.