İngiltərənin “Arsenal” klubu UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gələcək azarkeşlərinə müraciət edib.
London təmsilçinin rəsmi saytında yer alan açıqlamada İngiltərədən Azərbaycana səfər etmək üçün variantların az olduğu bildirilib. Həmçinin Qərbi Avropadan müntəzəm reyslərdə əlçatan yerlərin sayının məhdud olduğu vurğulanıb: “Hesab edirik ki, Bakıya səfər bir nəfər üçün 1000 funt sterlinqə (2200 manat) başa gələ bilər. Azarkeşlərin rahat şəkildə gediş-gəlişi üçün “Thomas Cook Sport” şirkəti ilə iş aparırıq”.
“Arsenal” UEFA tərəfindən hər bir finalçı kluba ayrılan 6 min bileti hansı qaydada bölüşdürüləcəyini də açıqlayıb: “Final 6 min bilet ayrılması əksər azarkeşlərimizi məyus edəcəkəcək. Bizim necə çətin vəziyyətdə olduğumuzu başa düşəcəyinizə ümid bəsləyirik. Hazırda bilet sayının artırılması üçün UEFA ilə danışıq aparırıq. Ümumilikdə 45 min abunəçimizin və 180 min rəsmi üzvümüzün olması ilə qürur duyuruq. Hazırda təklif olunan 6 min bilet uzun illər klubu dəstəkləyən və cari mövsümdə Avropa Liqasında səfər matçları zamanı səyahət edənlər arasında paylanılacaq. Biletlər 26, 43, 75 və 121 funt sterlinq olmaqla 4 kateqoriyaya bölünüb”.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Çelsi" - "Arsenal" matçı saat 23:00-da başlanacaq. (report)