Bu gün milli olimpiya komitəsində Şotlandiyanın Qlazqo şəhərində qapalı arenada 3-təkanla tullanmada Avropa çempionu olan Nazim Babayevlə görüş keçirildi.
Offsidpelus.az xəbər verir ki, atletika federasiyasının prezidenti Çingiz Hüseynzadə gənc atletin uğurundan danışdı: “Bu gün baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qəbulunda olduq. O, Nazimi təbrik edərək, ona bundan sonra da ən yüksək dəstəyi verəcəyini bildirdi. Özüm də xeyli zənglər aldım. Yaqub müəllimə o vaxt demişdim ki, bizdə Ramil Quliyevdən də yaxşısı yetişir. İndiki görüşdə onu xatırladı.
Sovet dövründə nəticələr sovetdə qaldı. O vaxt bu növlə əsasən qeyri-azərbaycanlılar məşğul olurdu. İndi biz müstəqilik. Uğurumuz ötənlərdən yüksəkdir. Əvvəllər deyirdilər ki, atletika Azərbaycan üçün deyil. Amma biz bacarıqlı olduğumuzu sübut etdik ki. Avropa çempionatında 49 ölkə arasında 10-cu olduq, xeyli atletikada aparıcı olan komandaları qabaqladıq.
Özü də Nazim Bakıda, çətin şəraitdə hazırlaşıb çempion oldu. Bizdə legionçulara gəlincə, onlar rəqabəti artırırlar. Biz Aleksis Kopellonu gətirəndə çoxları deyirdi ki, niyə gətirirsiniz, Nazim var da. Amma Kopellonun olması Nazimi də qıcıqlandırdı. İslam oyunlarında hər ikisi mübarizə apardı, Nazim onu nəticədə üstələdi”.(allsport.az)