Atletika üzrə Azərbaycan milli komandası Sloveniyanın Maribor şəhərində təşkil olunan Avropa çempionatında uğurla çıxış edib. 

Offsideplus.az xəbər verir ki, üçüncü divizionda mübarizə aparan yığmamız 315,5 xal toplayaraq 15 kollektiv arasında 6-cı yeri tutub.

İdmançılarımızın Avropa çempionatındakı çıxışını dəyərləndirən Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə bildirib ki, bu, son illərin ən uğurlu nəticəsi olub: "Komandamız 2017-ci ildə 10-cu, 2019-cu ildə 11-ci, 2021-ci ildə 15-ci, 8 atlet ilə qatıldığımız 2023-cü ildə isə 13-cü sırada qərarlaşmışdı. Aparılan təhlillərdən sonra bu dəfə məqsədimiz daha geniş heyətlə təmsil olunmaq idi. Yekunda Sloveniyaya 24 nəfərlik idmançı heyəti yola düşdü. Yekunda yığmamız son illərin ən uğurlu nəticəsini qazandı".

Baş katib sırf yerli idmançılardan qurulan milli komanda üzvlərinin etimadı doğrultduğunu vurğulayıb: "Daha bir diqqət çəkmək istədiyim məqam bu dəfə heyətdə legionerlərin olmamasıdır. İdmançılarımızın onlara olan etimadı doğrultduğunu söyləyə bilərəm. Əlhəm Nağlyev həm 100, həm də 200 metr məsafəyə qaçışda 1-ci oldu. Bu məsafələrə qaçışda qadınların mübarizəsində Lamiyə Vəliyeva 2-ci yeri tutdu. Lamiyə 23.58 saniyə göstərici ilə 200 metr məsafədə yeni Azərbaycan rekordunu müəyyənləşdirdi. Üç təkanla tullanmada Rüstəm Məmmədov, bu növdə qadınlar arasında Yekaterina Sariyeva bütün rəqiblərini qabaqladılar. 4x400 məsəfəyə qaçışda qarışıq estafetdə təmsilçilərimiz daha bir ölkə rekordunu yenilədilər. Cabir Əliyev, İsmayıl Əliyev, Bəxtiyar Əsgərli, Anna Yusupova və digər atletlərimiz də komandamıza olduqca vacib xallar qazandırdılar".

M.Sultanzadə gələcək yarışlarla bağlı nikbin fikirlər söyləyib: "Federasiya prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə aparılan işlərin daha da uğurlu olacağına inanırıq. Məqsədimiz, idmançılarımızın davamlı inkişafını təmin etmək, perspektivli kiçik yaşlı yeniyetmə atletləri müəyyən edərək onlara maksimum dəstək vermək və qarşıdakı yarışlarda uğurlu nəticələrlə xalqımızı sevindirməkdir. Hər zaman olduğu kimi bizə dəstək olan Gənclər və İdman Nazirliyinə, bütün idmançı və məşqçi heyətinə, tibb personalına dərin təşəkkürümü çatdırıram".