Gənclər və İdman, Müdafiə Sənayesi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Kiber İdman Federasiyasının və “Gaming League Azerbaijan”nin təşkilatçılığı ilə iyunun 26-da ölkəmizdə ilk dəfə “PUBG Mobile” liqasına start verilib.
Offsideplus.az xəbər verir ki, ölkəmizdə ən çox yüklənilən və oynanılan “PUBG Mobile” oyunu üzrə yeni liqaya məhz Silahlı Qüvvələr Günündə start verilib. 12 turdan ibarət marafonda 16 komanda mükafatlar uğrunda mübarizə aparacaq. “Gaming League Azerbaijan”ın təşkil etdiyi liqada iştirak hüququ əldə etmək üçün 200-ə yaxın komanda qeydiyyatdan keçib. Seçmə mərhələdən qalib ayrılan kollektivlər arasında tanınmış bloqqer Əlixan Rəcəbovun komandası da yer alır və onlar baş mükafatı qazanmaq üçün mübarizə aparacaqlar.
Bu oyun liderlik xüsusiyyətlərini, komanda ilə birgə hərəkət etməyi və strateji düşüncəni inkişaf etdirir. “PUBG Mobile” həm də hərb işinin əsaslarını öyrətməklə yanaşı, istifadəçilərə resursların düzgün idarə edilməsini də öyrədir. Oyun müəyyən zaman məhdudiyyətinə malikdir ki, bu da iştirakçını vaxtdan səmərəli istifadəyə vadar edir.
Liqanın qaydalarına əsasən komanda dörd nəfərdən ibarətdir. Liqanın reqlamentinə əsasən iştirakçılar müxtəlif xəritələrdə və fərqli şərtlərlə sağ qalmağa çalışacaqlar. İlk sıralarda yer alacaq kollektivlərə verilən xallardan əlavə “kill”, yəni öldürdüyü rəqib sayına görə də xallar hesablanacaq.
Liqanın əsas məqsədi ölkədə bu oyunu ən güclü bacaran komandaları və oyunçuları tapmaq, onları dünya arenasına çıxarmaq, eləcə də karantin günlərində gənclərin vaxtlarını daha səmərəli keçirmələrinə yardım etməkdir.
Turnirin ümumi mükafat fondu 5000 manatdır.