"Çelsi"də qalmayacağı çoxdan dəqiqləşən Olivye Jiru "Milan"la müqavilə bağlamağa yaxındır.
Fransız forvardla bütün şərtlərdə razılığa gəlinib, qalır sənədə imza atmaq.
Offsideplus.az "Sportitalia"ya istinadla xəbər verir ki, "rossyoner"lər daha bir neçə futbolçunun keçidini həll etmək üçün "qollarını çırmalayıb". Əsas hədəf Domeniko Berardidir. Hazırda İtaliya millisi ilə Avro-2020-də iştirak edən 26 yaşlı futbolçunun "Sassuolo"dan transferini birbaşa baş məşqçi Stefano Pioli istəyib.
Hədəfdə olan digər isim Mikkel Damsqaarddır. "Sampdoriya"nın 20 yaşlı futbolçu "Milan"ın transfer etmək istədiyi əsas adlardandır. Danimarla millisinin 20 yaşlı üzvü də karyerasını "Milan"da davam etdirməyə qarşı deyil.
Avro-2020-nin daha bir parlaq siması "qırmızı-qaralar"ın göz qoyduğu futbolçulardandır. Bu, Marsel Zabitserdir. Avstriya millisinin "Leyptsiq"də çıxış edən yarımmüdafiəçisi Avropa çempionatından sonra İtaliya nəhəngi ilə müqavilə bağlaya bilər. Bunun üçün "Milan" almanların tələb etdiyi 40 milyon avronu ödəməlidir.
Qeyd edək ki, adları çəkilən futbolçuların hər biri Avro-2020-də komandalarının aparıcı simaları hesab olunur.