Avropa Super Liqasının yaranması ilə bağlı ideya futbol dünyasını ayağa qaldırıb.
İndi az qala hər kəs fikir bildirir, tərəf tutur və ya tənqid edir.
Offsideplus.az "Football İtalia"ya istinadla xəbər verir ki, bu dəfə İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano dilə gəlib. O, UEFA-nın bayrağından imtina edən klubları qınayıb: "Belə turniri təsəvvür etmək belə, mümkünsüzdür. Top-klublar futbolun xalqa məxsus olduğunu anlamalıdır. Kiçik komandaları kənarda saxlamağın heç bir məntiqi əsası yoxdur. İtaliya Futbol Federasiyasından (İFF) xahiş edərdim ki, "Yuventus", "Milan" və "İnter"i A Seriyasından uzaqlaşdırsın. Gedib öz liqalarında oynasınlar, görək sonu nə olacaq. İFF başqanı Qabriele Qravina buna qarşı çıxmalıdır. Dünya futbolunu 12 klub idarə etməli deyil".
Qeyd edək ki, Kassano futbolçu karyerasında "Roma", "Milan", "İnter", "Verona", "Sampdoriya", "Real" kimi komandaların formasını geyinib.