Kanada milli komandasının və İtaliyanın "Yuventus" klubunun hücumçusu Conatan Devid gələcəyi ilə bağlı yayılan transfer şayiələrinə son qoyub.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu Turin klubundan ayrılmaq niyyətində olmadığını və komandada öz dəyərini sübut etmək üçün daha bir şans qazanmaq istədiyini bildirib.
Ötən yay Fransanın "Lil" klubundan azad agent statusu ilə "Yuventus"a transfer olunan və 2030-cu ilin yayına qədər müqavilə imzalayan Devid İtaliyadakı ilk mövsümündə enişli-yoxuşlu performans nümayiş etdirib.
Turin təmsilçisinin rəhbərliyinin yay transfer pəncərəsində yeni hücumçu axtarışında olmasına və futbolçunun satışına hazır olduğu iddialarına baxmayaraq, kanadalı forvard mübarizəni davam etdirmək əzmindədir.
Mətbuata açıqlama verən Conatan Devid gələcəyi barədə bu sözləri deyib:
"Mənim "Yuventus"la 5 mövsümlük müqaviləm var. Özümə gəldikdə isə, mən hələ də buradayam və komandada qalmaq niyyətindəyəm."
Hazırda Kanada millisi ilə 2026-cı il Dünya Çempionatında çıxış edən və Qətərlə oyunda het-trik edərək diqqətləri üzərinə çəkən hücumçu turnirdəki uğurlu formasını növbəti mövsümdə "Yuventus"un heyətində "A Seriyası" oyunlarına da daşımaq istədiyini vurğulayıb.
Devid ötən mövsüm İtaliya çempionatında meydana çıxdığı 30 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


