Çempionluq yolunda komandasına böyük töhfələr verən "Qalatasaray"ın təcrübəli qapıçısı Fernando Muslera "Sivasspor" (2:0) qələbəsindən sonra öz davranışı ilə hər kəsi təəccübləndirib. 

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, uruqvaylı qolkiper İstanbul təmsilçisinin vurduğu ikinci qola sevinməyib və final fiti səslənən kimi birbaşa soyunub-geyinmə otağına yollanaraq, komandanın azarkeşlərlə qeyd etdiyi qələbə coşqusuna qatılmayıb.

Xəbərə görə, buna səbəb matç ərzində bir neçə dəfə səhv ötürmə edən Musleranın fanatlar tərəfindən fitə basılması və onların etirazı ilə qarşılaşmasıdır. "Sarı-qırmızılar"ın kapitanın bu hərəkətdən dolayı, çox əsəbiləşdiyi və bu səbəbdən meydanda qalmaq istəmədiyi öyrənilib.

Qeyd edilir ki, məşqçilər korpusu və komanda yoldaşları paltardəyişmə otağında 36 yaşlı futbolçuya təsəlli verməyə çalışıblar. Bir çox azarkeş tərəfindən Musleranın sosial media hesabına dəstək mesajları göndərildiyi vurğulanıb.

Fəqan İbrahimli