"Qalatasaray"ın keçmiş baş məşqçisi Domenek Torrent klubu FIFA-ya şikayət edib.

Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, 158 gün "sarı-qırmızılar"a məşqçilik edən 60 yaşlı mütəxəssis və köməkçiləri klubdan 2 milyon 149 min avro təzminat tələb edib. Lakin "Qalatasaray" bu məbləği ödəməkdən boyun qaçırıb.

Məsələni məhkəməyə daşıyan ispaniyalı baş məşqçi təzminat daxil olmaqla, imicinə də xələl gəldiyini əsas gətirərək əlavə təzminat ödənişi tələb edib. Klub rəhbərliyi Torrentin açıqlamalarının kluba zərər verdiyini, baş məşqçi və komandasının istənilən nəticəni ortaya qoya bilmədiklərini bildirib.

Qeyd edək ki, 2022-ci ilin yanvarında "Qalatasaray"ın baş məşqçi vəzifəsinə gətirilən Domenek Torrent 20 oyun keçirib, 7 qələbə, 8 məğlubiyyət və 5 heç-heçə edib. "Qalatasaray" gözləntiləri doğrultmayan Torrent ilə iyun ayında yollarını ayırıb.