"Transfer pəncərəsi"ndə "Qalatasaray"da müəyyən dəyişikliklər olacaq.
Fatih Terimin şans vermədiyi futbolçularla yolların ayrılması gündəmdədir. Artıq iki nəfər günləri sayır - Etebo ilə Sekidika. Etebonun icarə müqaviləsinə xitam veriləcəksə, Sekidika daim oynaya biləcəyi komandaya üz tutacaq. Komandadakı boşluqlar isə yeni futbolçuların hesabına doldurulacaq.
Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Terim gənc, amma maaşı yüksək olmayan futbolçuların alınmasında maraqlıdır. Hətta bununla bağlı rəhbərliyə tapşırıq verib. Belədə gözlər Norveçə dikilib. Hər ikisi "Bode Qlimt"in futbolçusudur. Biri Patrik Berq, digəri Viktor Bonifas.
23 yaşlı Berqin klubuyla müqavilə müddəti 2021-in sonunda başa çatacaq. Klub rəhbərliyi dayaq yarımmüdafiəçisini satmaqda maraqlıdır. Avroliqanın cari mövsümünün təsnifat mərhələsində 3 oyunda meydana çıxan Berq 1 qol vurub, 1 məhsuldar ötürmə verib.
Bonifasın "Bode Qlimt"lə 2022-nin sonuna qədər anlaşması var. O da Avroliqada 3 oyunda şans qazanmaqla 2 qol vurub, 2 qol ötürməsi ilə yadda qalıb.