Türkiyənin "Fənərbağça" klubunda çıxış edən Emre Belözoğluna komandada vəzifə veriləcək.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı futbolçu mövsümün sonunda "sarı larcivərtlilər"in idman direktoru olacaq. Klubun prezidenti Ali Koç təcrübəli futbolçunu bu posta gətirməyi düşünür.
Belözoğlu isə artıq indidən komandası üçün transfer çalışmalarına başlayıb. Belə ki, o, hazırda "Verder" (Bremen) klubunda çıxış edən həmyerlisi Nuri Şahini "Fənərbağça"ya gətirəcək. Mətbuatda artıq tərəflər arasında danışığın olduğu və razılıq əldə edildiyi yazılıb.
Mövsümün sonunda Almaniya təmsilçisi ilə müqaviləsinin müddətinin başa çatacağı 31 yaşlı Nuri Şahin də karyerasının qalan hissəsini Türkiyədə davam etdirmək niyyətindədir.
Qeyd edək ki, sözügedən yarımmüdafiəçi 2018-ci ildə Dortmund "Borussiya"sından "Verder"ə transfer edilib. O, bundan əvvəl "Liverpul" və "Real"(Madrid) kimi klublarda çıxış edib.