Türkiyə Super Liqasında mövsümün bitmə vaxtı bəlli olub.
Offsideplus.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının (TFF) vitse-prezidenti Sərvət Yardımcı açıqlayıb.
UEFA-nın İdarə Heyətinin də üzvü olan qurum rəsmisi iyun-iyul aylarında liqanın bitirmək istədiklərini bildirib:
"Koronavirusun vurduğu ziyan hələ bəlli deyil. FİFA bununla bağlı komissiya qurub, dünya futboluna dəymiş ziyanı hesablayır. Zamanı gələndə dəstək fondu və yardımın məbləğini açıqlayacaqlar. Heç bir ölkə vəziyyətin nə vaxt düzələcəyini bilmir. Almanlar çempionatı erkən bərpa etmək istəyirlər. Bizim məqsədimiz iyun-iyul aylarında Super Liqanı yekunlaşdırmaqdır. A, B və C planlarımız var. Sıx təqvimlə çempionatı bitirə bilərik. Bütün ehtimallar nəzərdən keçirilir. Mayın əvvəlində idman nazirliyinin rəsmiləri ilə görüş baş tutacaq və orada hər şey müzakirə olunacaq. Gələn həftə UEFA-nın videomüşavirəsi olacaq. Biz də son duruma əsasən vəziyyəti dəyərləndirəcəyik. Çempionlar Liqası və Avropa Liqası oyunlarını çempionatlar bitdikdən sonra keçirmək olar. Avrokuboklar təxminən iyul-avqust ayları üçün planlaşdırılır. Amma ölkələr arasında uçuş qadağasının ləğvinin də nə zaman olacağını bilmirik".