Rusiya millisində və "Spartak”dakı çıxışı ilə tanınan Aleksandr Səmədov müsahibəsində maraqlı fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, atası azərbaycanlı olan futbolçu "azərisport.com” saytının əməkdaşı ilə söhbətində vacib məqamlara toxunub. Həmin məqamların bəzilərini sizə təqdim edirik:
"Mənim atam azərbaycanldı və bununla fəxr edirəm. Nə vaxtsa Azərbaycan millisində çıxış etməklə bağlı düşünmədiyimi desəm, yalan söyləmiş olaram. Amma seçimimi etdim və Rusiya millisi ilə dünya, Avropa çempionatında oynadım. Düşünürəm ki, 100 faiz düzgün seçim etmişəm. Bundan peşman deyiləm. Çünki mən Rusiyada doğulmuşam, bu ölkəni sevirəm. Futbol oynamağa da Rusiyada başlamışam.
Bakıda azarkeşlərin məni fitə basmasını xatırlayıram. İndiyə qədər başa düşmürəm ki, mənə niyə belə münasibət göstərdilər. Mən Rusiya millisinin oyunçusu idim və bizim üçün vacib olan qarşılaşmada komandamın qələbəsi üçün çalışdım. Qazandığımız bir xalla dünya çempionatında oynamağı təmin etdik.
Sonrada mənə dedilər ki, "biz onları cəzalandıracayıq” sözlərim azarkeşlərin xoşuna gəlməyib. Rəşad Sadıqovla da söhbətimiz bu barədə idi. Ona da dedim ki, mən pis heç nə söyləməmişəm. Söhbətdən sonra bir-birimizin əlini sıxdıq, uğur arzuladıq. Düşünürəm ki, Azərbaycan haqqında pis heç nə deməmişəm və üzr istəməyim üçün heç bir səbəb yoxdu. Zaman hər şeyi yoluna qoyacaq.
Hazırda Ramil Şeydayevlə eyni komandada çıxış edirəm. "Lokomotiv”ə vurduğu qol Ramildə özünəinam yaradacaq ve getdikcə hər şey onun üçün daha yaxşı olacaq. Ramil Azərbaycan millisini seçib və bu, onun qərarıdı. Ayaz Quliyevin seçim etməməsi isə onun şəxsi işindi. Çiyinləri üzərində öz başı var, düşünüb, özü üçün doğru olan qərarı verəcək. Mənim ona məsləhət verməyim düzgün çıxmaz”.