İdmançımız Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında çıxış etmək şansını itirib.

Offsideplus.az xəbər verir ki, onun yarışdan kənarda qalmasına zədələnməsi səbəb olub. Belə ki, Ramazanzadə isinmə hərəkətləri zamanı xəsarət aldığı üçün yarışa qoşula bilməyib. Üzündən və çiynindən zədə alan idmançı meydanı xərəkdə tərk edib. Hazırda onun yaxşı olduğu bildirilir.

Qış idman növləri üzrə yığmamızın üzvü kross-kantri növünün sprint kateqoriyasında qüvvəsini sınamalı idi.

Pekin-2022 Qış Paralimpiya Oyunlarına martın 13-də yekun vurulacaq. Azərbaycan yarışda bir paralimpiyaçı ilə təmsil olunmalı idi.