Martın 13-də - “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının beşinci günündə 12 dəst medalın sahibləri müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, paralimpiyaçılar dağ xizəkçiliyi və biatlon yarışlarında medallar uğrunda yarışıblar.

Oyunların dördüncü günündə dağ xizəkçiliyinin slalom növü üzrə yarışlar keçirilib. Görmə qabiliyyəti zəif olan qadınların yarışında Slovakiya idmançısı Henrieta Farkasova 2 dəqiqə 27 saniyə nəticə ilə üçqat Paralimpiya çempionu olub. Böyük Britaniya təmsilçisi Menna Fitzpatrik gümüş, avstraliyalı Melissa Pettine isə bürünc medal qazanıblar.

Qadınlar arasında ayaqüstə yarışlarda kanadalı Mollie Yepsen 2 dəqiqə 32 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Almaniyalı Andrea Rothfuss və Kanada xizəkçisi Alana Ramsay ilk üçlüyü tamamlayıblar.

Oturaq vəziyyətdə qadınların mübarizəsində ilk iki pillədə Almaniya idmançıları yer alıblar. Belə ki, Anna-Lena Forster (2 dəqiqə 27 saniyə) qızıl, Anna Şaffelhuber gümüş medal qazanıblar. Yaponiyalı Momoka Muraoka yarışı üçüncü pillədə başa vurub.

Görmə qabiliyyəti zəif kişilərin mübarizəsində Slovakiya idmançısı Miroslav Haraus 2 dəqiqə 14 saniyə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İspaniyalı Yon Santakana Maiztegui ikinci, Paralimpiya bayrağı altında çıxış edən rusiyalı atlet Valeriy Redkozubov isə üçüncü olublar.

Kişilər arasında ayaqüstə yarışlarda Rusiya xizəkçisi Aleksey Buqayev 2 dəqiqə 10 saniyəlik nəticə ilə “Pxençan-2018”in qızıl medalını əldə edib. Fransalı Artur Bauçet gümüş, Yeni Zelandiya idmançısı Adam Hall bürünc medal qazanıblar.

Kişilərin oturaq vəziyyətdə yarışlarında niderlandlı Yeroen Kampşreur 2 dəqiqə 11 saniyə ilə bütün rəqiblərini qabaqlayıb. Fransa idmançısı Frederik Francois yarışı ikinci, norveçli Jesper Pedersen isə üçüncü pillədə başa vurublar.

Qadınların 10 kilometr məsafəyə oturaq vəziyyətdə biatlon yarışlarında almaniyalı Andrea Eskau 42 dəqiqə 36 saniyəlik nəticə ilə Paralimpiya çempionu olub. İlk üçlüyü rusiyalı atletlər - Marta Zainullina və İrina Quliayeva tamamlayıblar.

Kişilər arasında 12,5 kilometr məsafəyə oturaq vəziyyətdə mübarizədə ukraynalı Taras Rad 45 dəqiqə 35 saniyəlik nəticə ilə qızıl medal qazanıb. ABŞ idmançıları Daniel Cnossen və Andrey Soule ikinci və üçüncü pillədə yer alıblar.

Qadınların 10 kilometr məsafəyə ayaqüstə yarışlarında qızıl və gümüş medala Rusiya paralimpiyaçıları sahib olublar. Belə ki, Yekaterina Rumyantseva (34 dəqiqə 10 saniyə) birinci, Anna Milenina ikinci pillədə qərarlaşıblar. Ukrayna idmançısı Ludmila Liaşenko bürünc medal əldə edib.

Kişilərin 12,5 kilometr məsafəyə ayaqüstə mübarizəsində fransalı Benjamin Daviet 35 dəqiqə 25 saniyə nəticə ilə qızıl medala sahib olub. Ukraynalı İqor Reptyux və Kanada idmançısı Mark Arendz ilk üçlükdə yer alıblar.

Görmə qabiliyyəti zəif qadınların 10 kilometr məsafəyə yarışlarında Ukrayna atleti Oksana Şişkova 37 dəqiqə 58 saniyə nəticə ilə birinci olub. Rusiyalı Mixalina Lisova gümüş, Almaniya paralimpiyaçısı Klara Kluq bürünc medal əldə ediblər.

Görmə qabiliyyəti zəif kişilərin 12,5 kilometr məsafəyə yarışlarında Belarus təmsilçisi Yuri Holub 39 dəqiqə 23 saniyəlik göstərici ilə “Pxençan-2018”in qalibi olub. Ukrayna idmançıları Aleksandr Kazık və Yuri Utkin ilk üçlükdə qərarlaşıblar.

“Ağ Paralimpiada”nın beşinci gününün yekunlarına görə, ABŞ millisi “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 6 qızıl, 6 gümüş və 5 bürünc medal var. Ümumilikdə 22 ölkədən idmançılar medalçılar arasında yer alıblar.

Rusiya (5-5-3) ikinci, Ukrayna (5-4-6) üçüncü, Slovakiya (5-1-1) dördüncü, Fransa (4-5-3) isə beşinci pillədə qərarlaşıb.

Mənbə: Azərtac