Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunları davam edir.

Offsideplus.az Apasport.az-a istinadən xəbər verir ki, bu gün nüfuzlu turnirdə rekord qeydə alınıb.

Belə ki, kişilər arasında biatlon estafet yarışlarında Norveç komandası gümüş medal qazanıb. Bu, şimallıların sözügedən yarışda 37-ci medalı olub. 13 “qızıl”, 14 “gümüş” və 10 “bürünc” əldə edən Skandinaviya təmsilçisi sıralamada yenidən birinci yerə yüksəlib.

Bununla da Norveç ABŞ-ın Vankuver-2010 Olimpiadasındakı rekorduna ortaq olub. Həmin Olimpiya Oyunlarında ABŞ yığması da 37 (9-15-13) “qənimət” əldə etmişdi.

Qeyd edək ki, Cənubi Koreyada hazırda davam edən “Ağ Olimpiada”nın iki yarış günü qalıb. Bu səbəbdən medal sayının dəyişəcəyi istisna edilmir.