ABŞ Olimpiya Komitəsi (USOC) Los-Ancelesdə 2028-ci il Yay Olimpiya Oyunları təşkilatçılarının seçkisi kampaniyasında iştirak etməsi səbəbindən 2026-cı il qış Olimpiadasının ölkədə keçirilməsi üçün müraciət etməyəcək.
Offsideplus.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Insidethegames” portalı USOC-ın sədri Larri Probsta istinadla xəbər yayıb.
L.Probst deyib ki, iki Olimpiadanı ardıcıl keçirmək maliyyə baxımından ABŞ üçün çətin olacaq:
“Bunun əvəzinə biz əvvəlki kimi 2030-cu il Qış Olimpiya Oyunlarının keçirilməsi variantını nəzərdən keçiririk. Beynəlxalq Olimpiya Komitəsi icazə versə, biz iki qış Olimpiadasını ABŞ-da keçirəcəyik”.
Qeyd edək ki, Stokholm (İsveç), Sapporo (Yaponiya), Syon (İsveçrə) və Kalqari (Kanada) şəhərləri 2026-cı il qış Olimpiadasını keçirmək hüququ uğrunda yarışmaq niyyətindədirlər. Sifarişlər 2018-ci il martın sonunadək verilməli, 2019-cu ilin yanvarında Beynəlxalq Olimpiya Komitəsinə təqdim edilməlidir. Oyunların keçirilmə yeri 2019-cu ilin yayında müəyyənləşəcək.