Yaxın günlərdə Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunları start götürəcək.
Fevralın 9-da başlayacaq XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanı cəmi bir əcnəbi idmançı təmsil edəcək. Azərbaycanın yeganə təmsilçisi Patrik Braxnerdir. O, gücünü slalom və böyük slalom yarışlarında sınayacaq.
Heç kimə sirr deyil ki, Azərbaycan idman ölkəsidir. Azərbaycan idmanın müxtəlif növlərində ciddi uğurlara imza atıb. Bu həm ölkəmiz üçün ənənəvi olan idman növlərində, həm də bizdə inkişaf etməmiş növlərdə mümkün olub. İkincidə legionerlərin cəlb olunması, onların təcrübəsindən yararlanaraq nailiyyətlərin əldə olunması ölkəmiz üçün ənənəvi olmayan idman yarışlarında yeni nəslin yaranmasına gətirib çıxarıb.
Son illər ölkə idmanında əldə olunan uğurlar isə qış idman növlərindən yan keçir. Bu sahədə uzun illər ərzində heç bir uğur qazanıla bilməyib. Legionerlərin cəlb olunması və qısa vaxt ərzində uğur əldə etmək qış idman növlərində Azərbaycanın idman funksionerlərinə nəsib olmayıb.
Azərbaycanilk dəfə Qış Olimpiya Oyunlarında 1998-ci ildə iştirak edib. Yaponiyanın Naqano şəhərində keçirilən ilk Qış Olimpiya Oyunlarında Azərbaycan 4 idmançı ilə təmsil olunub. Azərbaycan idmançıları iştirak etdiyi 5 Qış Olimpiya Oyunlarında bir medal da qazanmayıblar.
Əvvəlki Olimpiyadalarda 4 idmançı, bir dəfə isə 2 idmançı ilə təmsil olunduğumuz halda Pxençxandacəmi bir idmançı ilə təmsil olunaraq yeni anti-rekorda imza atırıq.
PxençxandaOlimpiya Kəndində isə artıq Azərbaycan bayrağı qaldırılıb. Azərbaycan nümayəndə heyəti Mərasimdə iştirak edib. Nümayəndə heyətinin rəhbəri Anar Bağırov, AR Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov və digər səlahiyyətli şəxslər mərasimdə iştirak ediblər.
Azərbaycanı təmsil edəcək legionerimizin Olimpiadada necə çıxış etməsindən asılı olmayaraq qış idman növlərinin inkişafı ilə bağlı tədbirlərin görülməsi, bunun üçün müvafiq qərarların verilməsi çox önəmlidir. Biz idman ölkəsi olduğumuzu bu sahədə də sübut etməliyik.