Norveçin “Mölde” futbol komandasının baş məşqçisi Ule Qunnar Sulşer cari mövsümün sonuna qədər İngiltərə təmsilçisi “Mançester Yunayted”ə rəhbərlik edəcək.
Offsideplus.az klub saytına istinadən xəbər verir ki, futbolçu karyerası ərzində 1996 - 2007-ci illərdə “Mançester Yunayted”in formasını geyinmiş 45 yaşlı mütəxəssisin yeni vəzifəyə təyinatı az öncə açıqlandı.
Ötən gün klubun rəsmi saytında Sulşerin 1999-cu ildə Çempionlar Liqasının finalında Almaniyanın “Bavariya” komandasına vurduğu qələbə qolunun videosu bu sözlərlə paylaşılıb: “Sulşer kluba “Nou Kamp”da trebl ("qızıl het-trik") gətirən qoldan 20 mövsüm sonra bizim baş məşqçi əvəzimiz olur”. Lakin bu məlumat bir müddət sonra silinmişdi.
Norveçli sabiq forvard 2015-ci ildən “Mölde”yə rəhbərlik edir. O, 2011 - 2014-cü illərdə də bu komandanın baş məşqçisi olub. Sulşer həmçinin Uelsin “Kardiff Siti” (2014) və “Mançester Yunayted”in gənclər komandasında (2008 - 2011) çalışıb.
Qeyd edək ki, “Mançester Yunayted” uğursuz nəticələrlə əlaqədar dekabrın 18-də Joze Mourinyo ilə yollarını ayırıb.