"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik ötən gecə oynanılan "Bornmut"la heç-heçə (2:2) bitən matçdan sonra hakim qərarlarına sərt reaksiya verib.
Offsideplus.az xəbər verir ki, o, penalti qərarlarındakı qeyri-ardıcıllığı "dəlilik" adlandırıb.
Görüşdə "qırmızı şeytanlar" Bruno Fernandeşin penalti qolu ilə önə keçsə də, Amad Diallonun cərimə meydançasında yıxılmasına hakim "davam" deyib. Maraqlıdır ki, bu epizoddan dərhal sonra "Bornmut" əks-hücumda hesabı bərabərləşdirib.
Oyunun gedişində Ceyms Hillin avtoqolu ilə yenidən önə keçən MY daha sonra Harri Maquayrın qırmızı vərəqə alması və rəqibə penalti qazandırması ilə şoka düşüb. Kerrikin əsas etirazı isə Maquayrın epizodu ilə Dialloya qarşı edilən qayda pozuntusunun eyni olmasına baxmayaraq, hakimlərin fərqli qərarlar verməsidir.
M. Kerrik matçdan sonra hisslərini belə ifadə edib:
"Bir epizodda penalti verib, digərində verməmək... Bunu başa düşə bilmirəm, bu, sadəcə dəlilikdir. Maquayrın qırmızı vərəqə aldığı epizodu anlaya bilərəm, amma ondan əvvəl bizə penalti verilməli idi. VAR-ın məqsədi şəffaflıq və ardıcıllıq yaratmaqdır. Bu qədər fərqli qərarlar vermək adamı mat qoyur".


