İngiltərə futbolunda son günlərin ən çox müzakirə olunan mövzusu "Mançester Siti" ətrafında yaranan maliyyə qalmaqalıdır.
Offsideplus.az xəbər verir ki, klubun günahı sübuta yetiriləcəyi halda ağır cəzalar alacağı ilə bağlı iddialar yayılıb.
Bildirilir ki, Premyer Liqa rəhbərliyi tərəfindən aparılan araşdırmalar nəticəsində “Mançester Siti”yə xal silinməsi, aşağı liqaya göndərilmə və hətta liqadan uzaqlaşdırılma kimi sanksiyalar tətbiq oluna bilər.
Həmçinin, bəzi iddialarda əvvəlki illərin çempionluqlarının yenidən bölüşdürüləcəyi, bu halda “Mançester Yunayted” və “Liverpul” komandalarının əlavə titullar qazana biləcəyi qeyd olunur.
Lakin məsələ ilə bağlı hələ ki, rəsmi qərar verilməyib. İş müstəqil komissiyada araşdırılır və yekun nəticənin çıxarılması üçün uzun müddət tələb oluna bilər.
Ekspertlər vurğulayır ki, belə hallarda klubların apellyasiya hüququ olur və proses İdman Arbitraj Məhkəməsi də daxil olmaqla müxtəlif instansiyalarda davam edə bilər.


