(Azərbaycan milli komandasının keçmiş futbolçusu, "Səbail" klubunun sabiq baş məşqçisi Cavid Hüseynovun Offsideplus.az saytına müsahibəsi

(müsahibənin birinci hissəsi burada)

- Mətbuat konfransı sona çatdı və 2 saat sonra “Səbail” rəsmi açıqlama yaydı: “Cavid Hüseynov istefaya göndərilib”. Bu iki saat ərzində nə baş verdi?

- “Neftçi” ilə oyun qurtaran kimi rəhbərlik mənimlə danışmaq istədiyini bildirmişdi. Yəni, matçın final fiti ilə mətbuat konfransının startına qədər olan 15-20 dəqiqə arasında. Həmin vaxt məşqçilər otağında tənha oturmuşdum. Düşünürdüm. Gözləyirdim ki, indi məni ənənəvi mətbuat konfransına çağıracaqlar. O zaman klubun bir əməkdaşı gəlib dedi ki, Firuz müəllim (“Səbail”in icraçı-direktoru Firuz Abdulla nəzərdə tutulur – red.) sizinlə görüşmək istəyir. Cavab verdim ki, mən indi mətbuat konfransına gedirəm, sonra rahat danışarıq. Açığı, çox əsəbi idim. Bir məqam da məni düşündürürdü ki, rəhbərlik məhz mətbuat konfransından öncə mənimlə niyə görüşmək istəyir? Onsuz da hər səhər saat 9-dan axşam saat 8-9-a qədər bazada olurdum. İstənilən vaxt söhbət eləyə bilərdik.

cavid - Sizdə şübhə yaranmadı ki, rəhbərlik sizi istefaya göndərmək istəyir?

- Şübhələnmək deyəndə ki, bəzi problemlər həddən artıq böyümüşdü. Mənim görmək istədiyim, futbolun inkişafı üçün düzgün proseslər yaşanmırdı. O qədər problemlərin içində qalmışdım ki... Transfer məsələlərindən başqa, pərdəarxasında qalan çoxlu texniki çətinliklər də mövcud idi. Hər şeyi nəzarətimdə saxlayırdım. Amma görürdüm ki, məndən başqa heç kim işə ürəkdən yanaşmır, problemləri özününkü saymır.

- Təsadüfən mətbuat konfransında özünüz istefa vermək istəmirdiniz?

- Yox. Əgər “Səbail”in oyun üslubunu formalaşdırmışdımsa, futbolçuların inkişafı gedirdisə, bunu artırmaq lazım idi. Mən bu işi tək bacarmaram. “Səbail”də işləməyə başlayandan sonra 2 futbolçumuz Azərbaycanın əsas milli komandasına dəvət aldı. Mert Çelik və Əlirza Müştəbazadə. Bundan başqa, Oruc Məmmədov və Emin Rüstəmov U-21 yığmasına çağırıldı. Əlirza mən gələnə qədər “Səbail”də bir oyuna belə çıxmamışdı. Ona ilk dəfə mən şans verdim. O, bizim oyun planımıza uyğun gəlirdi. Çünki qapıçının ayaqla oynamasını, cərimə meydançasını tərk etməsini, hücumların inkişafında fəal iştirakını xoşlayıram. Bir sözlə, komandada ab-hava da yaxşı idi, futbolçularla münasibətim əla idi.

"SƏBAİL"DƏ İŞLƏDİYİMƏ GÖRƏ PEŞMAN DEYİLƏM"

- Mətbuat konfransından sonra sizinlə görüşən oldumu?

- Mətbuat konfransının ardınca rəhbərikdən zəng vurdular ki, görüşmək istəyirik. Bildirdim ki, çox əsəbiyəm, sabah soyuq başla danışarıq. Bir neçə dəqiqə sonra yenə rəhbərliklə telefon danışığım oldu. Dedilər ki, səni dərhal istefaya göndərəcəyik. Mən də cavab verdim ki, “buyurun, etirazım yoxdur”. Bu qədər sadə.

- Bu hadisələr martın ortalarında baş verib. “Səbail”dən ayrıldıqdan sonra iki ay sizin üçün necə keçdi?

- Dostlar, tanışlar, futbol camiəsinin nümayəndələri məni dəstəklədilər. Bəzilərində “Həqiqətləri danışdın, bəlkə deməsəydin, daha yaxşı olardı” kimi fikirlər formalaşa bilər. Amma mən belə düşünmürəm. Əsas odur ki, öz işinə vicdanla yanaşasan. Mən göstərdim ki, “Səbail”də işlədiyim müddətdə komandada inkişaf var id. Bu məqamı hətta bir çox mütəxəssislər mənimlə təkbətək görüşlərində vurğulayırdılar. Oyun planım - hücumda və müdafiədə hansı sistemi tətbiq etməyim bilinirdi. Mənə deyirdilər ki, “Bunların üzərində dayan, daima təkmilləşdir, hər şey əladır”. Özünüz bilirsiniz ki, məşqçilərin fikiləri, baxışları çox önəmlidir. Düzdür, paralel olaraq, nəticə qazanmaq da lazım idi. Amma nəticə üçün çox vaxtım olmadı.

- Lakin bizdə açıqsözlü insanları sevmirlər. Xüsusilə futbol ictimaiyyətində. Ehtiyat etmirsiniz ki, açıq danışmağınız, problemləri çılpaqlığı ilə ortaya qoymağınız gələcək karyeranıza zərbə vurar?

- Yox. 16 yaşından peşəkar futboldayam. Bu sahədə işinə peşəkar və qeyri-peşəkar yanaşanları görmüşəm. Mən məşqçi kimi inkişaf etmək istəyirəm. Həmişə deyirəm ki, əgər məşqçi hansısa komandada nəticə verirsə, bu, təkcə onun yox, bütün heyətin əməyidir. Problemlər olduqda isə bunları nəzərə çatdırmaq lazımdır.

- İstefaya getdikdən sonra “Səbail”in oyunlarını izləyirdiniz?

- Bəli.

- Komandanın çıxışı barədə nə deyə bilərsiniz? “Səbail”in Premyer Liqada yerini itirməyini necə qarşıladınız?

- Əgər səmimi olsaq, futbol camiəsinin 99%-i mövsümün sonunda “Səbail”in I Liqaya düşəcəyini gözləyirdi. Hətta mən klubla anlaşdığım dövrdə belə fikirlər səsləndirilirdi ki, “Səbail” bu gedişlə Premyer Liqada yerini qoruya bilməyəcək. Ancaq mən bunun baş verməməsi üçün əlimdən gələni edirdim. Necə deyərlər, isti yerimi soyuq edib “Səbail”ə gəlmişdim. O yükün altına girmişdim.

- Peşman deyilsiniz? Çünki “Səbail”dən fərqli olaraq, “Turan Tovuz”un uzunmüddətli planları var, perspektivi böyükdür.

- Yox, peşman deyiləm. Səbəbini izah edim. Bəlkə “Səbail”də yaşadıqlarım mənim başıma 3-4 ildən sonra gələ bilərdi. Həmin vaxt təcrübəsiz olardım, necə reaksiya verəcəyimi bilməzdim. Belə uğursuz dönəmi məşqçilikdə atdığım ilk addımlarda yaşamaq mənim təcrübəmi artırdı. “Səbail”də 4 ay ərzində çox şey öyrəndim. Təcrübə baxımından bu zaman kəsiyini özüm üçün uğurlu sayıram.

- Necə düşünürsünüz, növbəti mövsüm I Liqada mübarizə aparacaq “Səbail” Premyer Liqaya qayıda biləcəkmi? 

- Bu, komandanın öz əlindədir. Həm “Şamaxı”, həm də “Qəbələ” göstərdi ki, Premyer Liqa ilə vidalaşdıqdan 1 il sonra geri qayıtmaq mümkündür. Hər şey istəkdən, büdcədən asılıdır. Düzdür, növbəti mövsüm I Liqada rəqabət artacaq. Cəmi bir klub Premyer Liqaya yüksələcək. İkinci komanda isə pley-off vasitəsilə vəsiqə qazana bilər. 

"CƏBRAYIL"IN MADDİ SIXINTILARI VAR"

- Siz həm də I Liqada yarışan “Cəbrayıl”ın təsisçisisiniz. Hazırda komandada işlər necə gedir?

- “Cəbrayıl” çox əziyyətlə başa gətirdiyimiz komandadır. Zamanla həddən artıq çətinliklərlə üzləşmişik. “Səbail”dən ayrıldıqdan sonra “Cəbrayıl”a dəstəyimi davam etdirirəm. Şükürlər olsun ki, ilkin vəzifənin öhdəsindən gəlmişik: sonuncu pilləyə düşmək təhlükəsindən uzaqlaşmışıq. İndi “Cəbrayıl” çempionatın axırına 1 tur qalmış 8-ci yerdədir. Qalib gəlsək, pley-offda oynamayacağıq və nəticədə I Liqada yerimizi qoruyacağıq.

- “Cəbrayıl”la bağı planlardan nədən ibarətdir?

- Futbolla əlaqədar planların kökü güclü maliyyəyə gedib çıxır. Bizim maddi cəhətdən bir az sıxıntımız var. “Cəbrayıl”ın prezidenti Şahin Məmmədova minnətdarlığımı bildirirəm. O, komandaya çox dəstək göstərir, əlindən gələni əsirgəmir. Lakin bu, bəzən kifayət etmir. Daha yuxarı yerlər tutmaq daha çox maliyyə tələb olunur. Ustalıq səviyyəsi yüksək olan futbolçulara isə bir qədər çox xərcləməlisən.

- “Cəbrayıl”ın inkişaf strategiyası necə olacaq? I Liqada mübarizəni davam etdirəcəyəniz təqdirdə, yenə orta yerlər uğrunda oynayacaqsınız, yoxsa qarşıya Premyer Liqaya vəsiqə qazanmaq məqsədi qoyulacaq?

- Konkret nəsə deməyə çətinlik çəkirəm. Bu suala ən doğru cavabı klubun prezidenti Şahin müəllim verə bilir. Rəhbər kimi onun fikirləri, düşüncələri əsasdır.

- Bəs komandanın doğma Cəbrayılda oynaması nə dərəcədə mümkündür?

- Bununla bağlı Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəhbərliyinə müraciət etmişdik. İstəyimiz stadionun tikintisi üçün bizə torpaq sahəsinin ayrılması idi. Amma bu məsələdə hələlik yenilik yoxdur. Bilirsiniz ki, Qarabağ və ətraf raoynlarda aparılan abadlıq-quruculuq işləri birbaşa dövlətin nəzarətindədir. Ona görə də gözləmə mövqeyindəyik. Məqsədim Cəbrayılda təkcə stadion tikmək deyil, həm də futbol akademiyası yaratmaqdır. Bu akademiyaya qonşu rayonlardan – Zəngilan, Füzuli, Qubadlıdan da istedadlı uşaqları cəlb etmək və Cəbrayılı regionda futbol mərkəzinə çevirmək olar.

screenshot_20250522_123418_instagram "ÖLKƏDƏN KƏNARDA MƏŞQÇİ İŞLƏMƏK İSTƏYİRƏM"

- Yığmada uzun müddət forma geyinmisiniz, ona görə ölkənin bir nömrəli komandası ilə bağlı da sual vermək istərdim. “Səbail”dən gedişiniz mili komandanın martda beynəlxalq yoldaşlıq görüşləri ilə üst-üstə düşdü, oyunları rahat izləmək imkanınız oldu. Yığmanın çıxışı barədə fikirləriniz maraqlıdır. 

- Mən hansısa fikir söylərimsə, bunu nəyəsə əsaslanıb deyirəm. Bizdən sonra milli komandaya gələn futbolçu nəslinin nümayəndələrini analiz etdikdə, fərdi planda çox bacarıqlı oyunçular var. Onların hər biri öz klubunun aparıcı futbolçusudur. Həmçinin orta yaş həddi aşağı – 24-25 idi. Düşünürdüm ki, yüksək fərdi keyfiyyətlərə malik futbolçulardan qurulmuş heyət tarixi nəticə göstərə biləcək. Robert Prosineçkinin vaxtında 11 xal toplamışdıq. Elə bilirdim ki, bu komanda bizdən çox xal yığmağa qadirdir. Təəssüf ki, nəticə uğurlu olmadı. Bu, hamımızın yaralı yeridir.

- Ancaq zəif nəticələrdə təkcə milli komandanın baş məqçisi Fernandu Santuş tənqid olunur.

- Fernandu Santuş böyük təcrübəyə malikdir, öz sözünü deyib. Bütün məsuliyyəti onun üstünə atmağın mənası yoxdur. Bu, futbolumuzu sevən heç bir şəxsə sərfəli deyil. Problem məşqçidə olsaydı, heç başqa komandalarda nəticələr verə bilməzdi. Əgər belə titullu məşqçi ilə uğur qazana bilmiriksə, deməli başqa detalları dəyişməliyik.

- Nəyi?

- Bu, dərin mövzudur. İşlər kompleks getməlidir. Uşaq futbolundan tutmuş idarəetməyə, infrastruktura qədər dəyişiklik olmalıdır. Bütün bunları layihə şəklində tələsmədən həyata keçirmək lazımdır. Yalnız 10-15 ildən sonra nəticəyə köklənə bilərik. Ancaq indi yığmanı istənilən məşqçiyə tapşır, nəticə əldə etmək çətindir. 

- Sizin adınız “Sumqayıt” klubu ilə yanaşı hallanır. Ümumiyyətlə, “Səbail”dən ayrıldıqdan sonra hansısa komandadan təklif almısınız?

- Bir klubun maraq dairəsində idim. I Liqa təmsilçisi idi. Bəzi məsələlərə görə təklifə “yox” cavabı verdim.

- Söhbət hansı klubdan gedir?

- Yox, bunu açıqlamayacağam. Çünki razılaşma baş tutmayıb. Hələlik Premyer Liqa klublarından heç biri ilə söhbətim olmayıb. Məşqçi hər hansısa klubun maraq dairəsində ola bilər. Adım hansısa klubla birgə hallandırıla bilər, ancaq reallıqda heç nə yoxdur. 

- Yenidən köməkçi-məşqçi işləyərsinizmi, yoxsa yalnız baş məşqçi postunda çalışmaq niyyətindəsiniz?

- Baxır məni öz korpusunda görmək istəyən baş məşqçinin təcrübəsinə, statusuna.

- Son sual. Cavid  Hüseynovun məşqçi kimi ən böyük məqsədi nədir? 

- Ən böyük niyyətim bir neçə ildən sonra ölkə hüdudlarından kənara çıxmaqdır. Mən öz işimi sevirəm, peşəkar münasibət göstərirəm, daha çox öyrənməkdə qərarlıyam. Bundan ötrü əzmlə, səylə çalışmaq lazımdır, dünya futbolundakı yeniliklərə açıq olmaq vacibdir. Məşqçi kmi nəticələr verib, çempionluqlar yaşamaq istəyirəm. İnşallah, bu arzuma çatdıqdan, yetərincə təcrübə topladıqdan sonra xaricdə özümü sınamaq istərdim.