Ötən layihə yazımızda Azərbaycan fəaliyyət göstərən futbol akademiyalarının durumundan bəhs etmişdik.

Problemləri sadalamış, əsas məqamları diqqətinizə çatdırmışdıq. Bu qədər akademiyalar, özəl futbol məktəbləri olsa da, ölkədə futbolçu qıtlığı yaşanır. Milli komanda üçün seçim şansı çox azdır.

Düzdür, hazırkı yığmanın heyətini dönəminin ən yaxşısı hesab edirlər. Mahir Emreli, Namik Ələskərov, Anton Krivotsyuk, Qara Qarayev, Maksim Medvedev, Şahruddin Məhəmmədəliyev Renat Dadaşov, Anatoli Nuriyev, Rüstəm Əhmədzadə, Emin Mahmudov, Ramil Şeydayev kimi futbolçular xüsusi diqqət çəkir. Lakin yuxarıda adlarını sadaladıqlarımızdan yalnız ilk 5-i Azərbaycan futbolunun yetirməsidir. Digərləri fərqli ölkələrdə bu oyunun sirrlərinə yiyələniblər. Bu futbolçulara rəğmən hazırda yığmamızın nəticələri bərbaddır. Bəs bunlardan sonra gələn nəsil nələrsə edə biləcək? Gəlin, nəzər yetirək.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası AVRO-2023-ün seçmə mərhələsində 4 oyun keçirib. Bu qarşılaşmaların 3-də məğlub olub, 1-də heç-heçə edib. Milan Obradoviçin komandası hazırda 6 komanda arasında 1 xalla 5-ci pillədə qərarlaşıb. Yığmamız 4 görüşdə 2 qol vurub, 14 top qapısında görüb. Gördüyünüz kimi bu yaş qrupu üzrə vəziyyət çox pisdi. Bu komanda “Ümid” millisi adlansa da, ümidləri puç edir. Burada çıxış edən futbolçuların hamısı da əsas çempionatda daimi oynayırlar. Çünki, məhz bu yığma üçün Azərbaycan Premyer Liqasında limit tətbiq edilir. Çempionatın əsasnaməsinə görə, “6+4+1 (6 legioner + 4 Azərbaycan vətəndaşı + 1 nəfər 2000-ci il doğumlu və ya daha gənc Azərbaycan vətəndaşı) sistemi tətbiq olunur. Matçın protokolunda 2002-ci il təvəllüdlü (Azərbaycan vətəndaşı) və ya daha gənc 1 oyunçunun (Azərbaycan vətəndaşı) olması mütləqdir.

White Beige Red Modern Free Webinar Animated Facebook Post

Lakin bir çox mütəxəssislər yuxarıda qeyd olunan limitdən narazıdılar.

“Neftçi”nin baş məşqçisi Samir Abasov çempionatın 3-cü turunda doğma meydanda “Qarabağ”a 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra bu fikirləri səsləndirib:

"Klub rəhbərliyi ilə danışıb limit məsələsini qabartmağa çalışacam. Yəni, xahiş edəcəm ki, bu məsələyə yuxarı səviyyədə baxılmasını təklif etsinlər. Fikirləşirəm ki, limit götürülsə - həm legioner, həm də 21 yaş - Azərbaycan futbolu üçün yaxşı olacaq. Kim güclüdürsə, o da oynamalıdır. Götürün Emin Mahmudovu, güclüdü, limitdən asılı olmayaraq oynayır".

Premyer Liqanın 4-cü turunun “Zirə” - “Sabah” görüşündən sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov da bu qaydanın yığışmalısını təklif etdi:

Offside

"Limitə görə problem yaşamıram. Limitin dəyişdirilməsinin tərəfdarıyam. Amma bunun üçün komanda sayı da artırılmalıdır. Mən bunu ilin əvvəlində Məşqçilər Komitəsinə təklif etmişəm. Kollektiv şəkildə müzakirə etmək lazımdır. "Neftçi" və "Qarabağ" kimi komandalar təklif irəli sürürsə, bu, mütləq müzakirəyə çıxmalıdır. Çünki bu komandalar ölkə futbolunun yükünü çiynində daşıyır. Amma bütün bunlar mövsümün əvvəlində gerçəkləşməlidir. Hazırda heyəti bu limitə görə qurmuşuq. Limitin ləğv olunmasının milliyə zərəri olduğunu düşünmürəm. Bu məsələni nəzərdən keçirmək olar".

Gördüyümüz kimi yerli mütəxəssislər qaydanın tərəfdarı deyillər. Onlar bu sistemin yerli futbolçu yetişdirməyini düşünür. 

Lakin 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç fərqli fikirdədir. Serbiyalı mütəxəssis Avropa çempionatının seçmə mərhələsində, Xorvatiyaya 5:1 uduzdularını oyundan sonra bu fikiləri səsləndirib:

“Limit Azərbaycan futbolunun inkişafı üçün tətbiq olunub. Limit olmasaydı, mən kimləri seçərdim? Limit olmasaydı, bizim ümumiyyətlə, futbolçu seçimimiz olmayacaqdı. Limit olmasaydı, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Ömər Buludov, Musa Qurbanlı kimi futbolçular da üzə çıxmazdı. Serbiyada klublar yarışır ki, görək, ən gənc oyunçunu kim oynadacaq. Klublar gəncləri çıxarıb, pul qazanmağı düşünürlər. Amma burada vəziyyət fərqlidir. Mən limitin 1 deyil, 2 olmasını istəmişdim. Belə olsaydı, klubların akademiyaları daha çox çalışardı. Bu tip suallar məndən sonra da olacaq. Burada olacağım müddətdə çalışacağam ki, limit sayı artırılsın. Bu, bizim gələcəyimizdir”.

Təbii ki, hər üç mütəxəssis müəyyən məqamda özlərinin xeyri üçün fikirlər səsləndirirlər. Bəzən maraqlar ölkə futbolunun gələcəyinin üzərindən xətt çəkilməsinə də səbəb olur. Görəsən, həqiqətən də 21 yaş limiti Azərbaycanda yerli futbolçuların yetişməsinə səbəb olur? Sualımızı uzun illər milli komandamızın şərəfini qorumuş, “Karşıyaka”, “Antalyaspor”, “Anji” kimi klublarda çıxış etmiş Mahir Şükürova ünvanladıq. Veteran futbolçunun məsələyə münasibəti belə oldu:

“Dünyanın öndə gedən çempionatlarında 18-19 yaşlı futbolçulara üstünlük verilir. Onlar üçün bu dövrdən olan oyunçular belə gənc sayılmır, artıq yetişmiş fərd hesab olunurlar. Bu gün 21 yaşlı futbolçu Azərbaycan Premyer Liqasında limit olmadan oynaya bilmirsə, ondan nəsənümayiş etdirməsini gözləmək olmaz. İstedadlı şəxs 18-19 yaşlarında olur. Bizim dövrdə 24-25 yaşlarında futbolçu Premyer Liqaya gəlirdi və özünü yetərincə sübut edirdi. İndi isə zəmanə ilə

ayaqlaşmaq lazımdır. Bu gün özümüz də şahidik ki, Avropa futbolunda hansısa 17-18 yaşlı futbolçunu transfer etməyə çalışırlar. Bu gün 21 yaş limiti ilə bağlı AFFA-nın üzərinə düşməyin yanlışlıq olduğunu düşünürəm. Məncə, bunun heç bir xeyri yoxdur. Düşünürəm ki, limit gündəmdə qalmalıdır və istedadlı azərbaycanlı oyunçu əcnəbi futbolçunun əvəzinə meydana buraxılmalıdır. Bunların hamısına uşaq yaş qruplarından başlamaq lazımdır. Obradoviçi isə milli komandadan uzaqlaşdırmağın vaxtı çoxdan keçib. Bu qədər məğlubiyyətdən sonra onu saxlayırıqsa, söz haqqı veririksə, günah özümüzdədir”.

Göründüyü kimi sabiq futbolçu limit məsələsinin tərəfdarı oldu. O, istedadlı futbolçulara yer verməyin gərəkli olduğunu bildirdi. Bəs AFFA bu sistemi tətbiq edibsə, limit faydalıdırsa, niyə ölkədə dünya səviyyəli futbolçular yetişmir? Mahir Şükürov sualımızı belə cavabladı:

Offside 2

“Hazırda uşaq futbolunda vəziyyətinin heç də ürəkaçan olmadığı hər kəsə məlum məsələdir. Çünki həmin yaş qrupu ilə işləyən məşqçilər futbolla əlaqəsi olmayan şəxslərdir. Bundan əlavə, onlar valideynlərdən pul alaraq uşaqları meydana buraxırlar. Mən özüm dəfələrlə belə halların şahidi olmuşam. İstedadlı futbolçuların yetişməsi üçün bu kimi halların qarşısı alınmalıdır. Mütləq qaydada bu sektorun inkişafı üçün yeni mütəxəssislər cəlb olunmalıdır. Keçmiş zamanda naliyyətlər əldə edən şəxsləri uşaqların yetişdirilməsinə cəlb etmək lazımdır. Mən şəxssən bu işin öhdəsindən layiqincə gələ bilərəm. Azərbaycan Premyer Liqasında uğur əldə edən, avrokuboklarda çıxış etmiş, xarici klublarda oynamış şəxslər aşağı yaşlı futbolçularla çalışmalıdırlar. Çünki onlar futbolun sirrlərini bilirlər. 1-ci divizionda limit məsələsi nəyə lazımdır? Premyer Liqada limit mütləq olmalıdır. AFFA prezidenti Rövnəq Abdullayevin təzəlikcə bir fikri xoşuma gəldi. O futbolda bir çox problemlərin olduğunu və bu sahəyə diqqət ayıracağını bildirdi. 

Mən istərdim ki, Rövnəq Abdullayev mən də daxil olmaqla onun “Neftçi”nin prezidenti olduğu zamanda meydana çıxan futbolçulara güvənsin. Bizə müəyyən müddət vaxt versin və futbolun inkişafını tələb etsin. Azərbaycana hal-hazırda uşaq yaş qrupunu inkişaf etdirmək lazımdır. Bizim də bu işi canla-başla görərək, öhdəsindən gələ biləcəyimizə tam əminəm. Düşünürəm ki, valideyn xətrinə gətirilmiş uşaqları və ya xarici vətəndaşları futbola cəlb etməkdənsə, inkişafa meyilli olan, futbolu sevən futbolçular yetişdirmək və yeni istedadlar üzə çıxarmaq lazımdır”.

Cavid Əliyev

1626442780 1625744715 1625297110 media agentlik

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.