OFFSİDE Sport Media ölkəmizdə şahmatın hazırki durumundan bəhs edən əvvəlki yazılarında göstərmişdi ki, Azərbaycan Şahmat Federasiyasının ətalətli və yarıtmaz fəaliyyəti bu növdə ciddi çatışmazlıqların üst-üstə qalaqlanmasına səbəb olub.
Tanınmış qrossmeysterlər yetişdirmiş respublikamızın qadın şahmatında problemlər kifayət qədərdir. Bu sahənin böhran keçirdiyi, çətinliklərlə baş-başa qaldığını görmək üçün mütəxəssis olmağa gərək yoxdur. Federasiyanın bu seqmenti də taleyin ümidinə buraxması zərif cinsin nümayəndələrindən istedadlı şahmatçıların çıxmasını illərlə ləngitdi. Bir ara təmsilçilərimizi Beynəlxalq Şahmat Federasiyasının aylıq reytinq cədvəllərində görmək qeyri-mümkün idi. Hal-hazırda vəziyyət bir az düzəlib. FİDE tərəfindən mart ayı üçün açıqlanan son siyahıda Azərbaycanın 3 qadın şahmatçısı yer alıb. Ən yüksək nəticə aktvində 2443 reytinq xalı ilə 31-ci yerdə qərarlaşan Günay Məmmədzadəyə məxsusdur. Reytinqin aşağı pillələrində Gülnar Məmmədova (77) və Ülviyyə Fətəliyeva (89) da var. Digər qadın şahmatçılarımızın isə reytinqi az olduğundan siyahıda yer almayıb. Günay Məmmədzadə 20 yaşadək qızlar arasında reytinq cədvəlinin dördüncüsüdür. Burda Xanım Balacayeva (14) və Gövhər Beydullayevanın (74) adlarına rast gəlmək mümkündür.
Qadın şahmatının hazırki bayraqdarı
Azərbaycanın qadın şahmatçıları arasında hazırda Günay Məmmədzadə fərqlənir. Gənc şahmatçı ilk uğurlarını 2007-ci ildən qazanmağa başlayıb. Bütün yaş qruplarında iştirak etdiyi beynəlxalq turnirlərdə nəticə verməyi bacarıb. O, 2014-cü ildə 14 yaşında FİDE tərəfindən beynəlxalq qrossmyester adına layiq görülməklə diqqətləri üzərinə cəlb etmişdi. Qadın şahmatçılarımızın 27 illik fasilədən sonra Avropa çempionatında fəxri kürsüyə qalxmasında da onun böyük rolu vardı. Məhz Günayın son turda qələbəsi komandanın Ermənistanı məğlub etməsində həlledici olmuşdu. Əlbəttə, AŞF bu nailiyyətdən özünə müəyyən pay çıxara bilər.
Vitse-prezidentlər yenə şablon cümlələr qurmaqla şahmata göstərilən qayğıdan, gənc istedadların öz sözünü deməsindən ağız dolusu danışa bilərlər. Amma danışılacaq əsas mövzu qadın şahmatında beynəlxalq uğurlar arasında zaman fasiləsinin niyə böyük olmasıdır. Günay Məmmədzadə, Xanım Balacayevanın üzə çıxmasında da federasiyanın xüsusi zəhməti yoxdur. Qızlar AŞF-nin zəif əməkdaşlıq etdiyi, diqqətdən kənarda qoyduğu Uşaq-Gənclər Şahmat İdman məktəblərinin yetirmələridir. Məlum məsələdir, azyaşlı şahmatçılar adətən ölkədaxili yarışlara valideynlərinin səyi nəticəsində gəlib çıxırlar. Əksini iddia etmək üçün ortaya qoyulacaq ciddi arqument yoxdur.
Şahmat Federasiyası 90-cı illərdən Gənclər və İdman Nazirliyi ilə birlikdə 16 yaşa qədər yeniyetmə qız və oğlanlar arasında Respublika Şahmat Olimpiadası keçirir. Turnirdə hər dəfə 90-dan artıq qız şahmatçı mübarizə aparır. Geridə qalan illər ərzində Respublika Olimpiadalarının mükafatçıları olan qadın şahmatçılara düzgün istiqamət verməklə zəngin baza formalaşdırmaq olardı. Göründüyü kimi AŞF həmin tapşırığın öhdəsindən gələ bilməyib. Əvəzində bir sıra güclü qadın zəka ustaları federasiyanın perspektivsiz duruma gətirdiyi Azərbaycan şahmatından uzaqlaşıb fəaliyyətlərini ölkə xaricində davam etdirirlər.
Seçim qarşısında buraxılan gənc istedad
Batumidə keçirilmiş Avropa çempionatında komandamızın əsas fiqurlarından olan Günay Məmmədzadənin Şahmat Federasiyasından narazılığı isə qurumun "üstü bəzəmək" prinsipinin dəyişmədiyini göstərdi. Xanım şahmatçı gözlənilmədən FİDE-nin bayrağı altında çıxış edə biləcəyini dilə gətirdi. 19 yaşlı şahmatçını bu barədə düşünməyə məcbur edən səbəblər isə federasiyanın ənənəvi "qayğı mifini" puça çıxarmış oldu. Məlum oldu ki, AŞF Dünya Kuboku üçün zəruri olan hazırlıq proqramını vermir və edilən müraciətləri də qulaqardına vurur. Dünya Kubokunun elitar yarış olduğu və Şahmat Tacına iddiaçılar turnirinə qatılmaq şansı verdiyini demək onun əhəmiyyəti barədə təsəvvür yaratmaq üçün kifayətdir. Bu cür önəmli yarışlara hazırlığı federasiyanın bir həftə, 5 günlük toplanışlarla yola verdiyi ortaya çıxdı. Nüfuzlu yarışlara hazırlıq prosesində şahmatçı üçün xüsusi məşqçi dəvət olunmalıdır ki, AŞF bu işə də ciddi yanaşmır. Beləliklə, dünya miqyaslı turnirdə yüksək nəticə qazanmağı hədəfləyən şahmatçı məşqçini öz şəxsi vəsaiti hesabına tutmağa məcbur olur. Xüsusi məşqçi ilə hazırlıq hər saata 30-50 ABŞ dolları həcmində ödəniş tələb edir.
Artıq xərc kimi baxılan arzular
Günay Məmmədzadə federasiyadan söz verildiyi halda, 21-30 yanvarda Cəbəllütariqdə keçirilmiş Beynəlxalq Şahmat Festivalına göndərilmədiyini də vurğulayıb. Əslində bu məsələnin də üstündən keçmək olmaz. Qadın şahmatçıların reytinq xallarını artırmaq imkanı verən yarışlardan kənarda qalması da aktual problemdir. Bu tipli turnirlər kommersiya xarakterli olduğundan şahmatçıların orada iştirakı Gənclər və İdman Nazirliyinin xərclərinə daxil deyil. Sponsor anlaşmasına isə federasiya əngəl törədir. Geriyə baxsaq, 2015-ci ilə qədər yığmanın kapitanına 500, digərlərinə 200 manat maaş verilirdi. 2016-cı ildə, Bakıda təşkil olunan Ümumdünya Şahmat Olimpiadası ərəfəsində bu məbləğ 2000 manata qalxmışdı. Hazırda milli komandanın üzvü olan qadın şahmatçılara 700 manat məvacib verilir.
“Artıq üç aydır ki, təqaüd almıram. Çünki ilin əvvəlində şərtlər məni qane etmədiyi üçün yeni müqavilə bağlamamışam. Kişilərdən ibarət yığmada komanda liderləri digər oyunçulara nisbətən daha yüksək məbləğ alırlar. Ancaq qadın komandasında dünya reytinqi rol oynamır, hər kəsə eyni məbləğ ödənir. Maraqlıdır ki, bir neçə il əvvəl qadın komandasında liderlərin və digər şahmatçıların aldıqları məbləğlərdə fərq var idi. Ancaq indi bu belə deyil. Mənə münasibətdə ikili standartlar özünü göstərir” - bunu son müsahibəsində Günay Məmmədzadə vurğulayıb. Gənc qrossmeyster sponsorla anlaşmaqda federasiyanın ona əngəl törətdiyini də iddia edir:
“Maddi tərəfdən atam dəstək göstərir. Ancaq ailəmin imkanları da bir yerə qədər kifayət edir. Federasiya dəstək olmur, sponsor cəlb etməyə də mane olurlar. Üstəlik, dünya çempionatına hazırlıq planlarımla heç maraqlanmadılar. Bir az gözləmək niyyətindəyəm, amma məni görməzdən gəldiklərini və işlərimlə maraqlanmadıqlarını görsəm, FİDE-nin bayrağı altında oynamaq barədə ciddi düşünəcəyəm”.
Günay Məmmədzadəyə ilk dəstək komanda yoldaşı Zeynəb Məmmədyarovadan gəldi. Təcrübəli şahmatçı sosial şəbəkə hesabından qızlara maddi köməkliyin həqiqətən zəif olduğunu təsdiqlədi.
“Sənə olunan köməkliyi hansı ölkədə görmüsən?”
G.Məmmədzadə tərəfindən səsləndirilən ittihamlarla bağlı saytımıza açıqlama verən AŞF-nin vitse-prezidenti Mahir Məmmədov bunları dedi:
”Günay Məmmədzadənin sözlərinə görə, federasiyadan dəstək görmür. Şəxsən öz adımdan deyə bilərəm ki, ona illərdir dəstək oluram. Federasiya prezidentinin də bundan məlumatı var. Mən bacardığımı edirəm. Ola bilsin, bunlar Günay Məmmədzadəyə bəs etmir. Ona 15 min manatlıq kompüter də almışam. Lazım gəlsə, kompüteri yenisiylə əvəz edəcəyik. Mənə çatıb ki, müsahibəsində federasiyanı dəyişmək istədiyini deyib. Niyə? Sənə olunan köməkliyi hansı ölkədə görmüsən? Heç olmasa, bir ölkə göstərsin.
AŞF hər bir şahmatçıya maaş verir. Bunun həcmi kimisə qane edə bilər, kimisə yox. Bizim stipendiya ödəmək kimi öhdəliyimiz yoxdur, amma edirik. Dünyada lider şahmatçılara məvacib verən barmaqla sayılacaq qədər ölkə var. Əlbəttə, hər kəs daha çox pul qazanmaq istəyir. Bu səbəbdən maaşdan narazı qalmaq normaldır. Sponsor tapmaq şahmatçının öz işidir. Bizdən kim istəməz ki, onların sponsoru olmasın? Günay Məmmədzadə, ilk növbədə Azərbaycan dövlətinə minnətdar olmalıdır”.
Nəzərə almaq lazımdır ki, qadın şahmatçıların ailə həyatı qurması ilə əlaqədar 22-25 yaşdan sonra aktiv karyerası zəifləyir. Bu səbəbdən 10-22 yaşlı qızların beynəlxalq yarışlarda iştirakına şərait yaratmaq vacibdir. Müasir dövrdə əksər qadın şahmatçıları ailələri maliyyləşdirir. Başlıca gəlir mənbəyi isə tələbə hazırlaşdırmaqdır. Azərbaycanda qadınlar arasında Qran-pri turniri, demək olar ki, keçirilmir. Son illər Respublika çempionatları üçün müəyyənləşdirilən gülünc mükafat fondu da AŞF-nin qadın şahmatına münasibətini aydın göstərir.
Şahmatda maliyyə məsələsi, məvaciblərin aylarla gecikdirilməsi son illərin problemi deyil. Kişi şahmatçılar da bundan şikayətləniblər. Sadəcə kimlərinsə narazılığını açıq formada dilə gətirməsi federasiyanın xoşuna gəlmir. Bunu Şəhriyar Məmmədyarov, Rauf Məmmədovun misalında görmüşük. Vitse-prezidentlər Faiq Həsənov və Mahir Məmmədov sanki tənqidə dözümlü yanaşmağı bacarmır. Ümid etmək istərdik ki, AŞF Günay Məmmədzadənin problemləri qabartmasından nəticə çıxarmağa çalışacaq. Azərbaycanın perspektivli idmançılarını küsdürmək, başqa variantlar axtarmağa məcbur etmək özlüyündə bağışlanılmaz bir səhvdir.
Azərbaycan Şahmat Federasiyasının idarəçilik problemləri, maliyyənin xərcləmələrindəki qeyri-şəffaflıq haqqında sonrakı silsilə yazılarda danışılacaq.