Futbol üzrə Azərbaycan milli komandasının köməkçi məşqçisi Arif Əsədovun Offsideplus.az-a müsahibəsi...

- Karantin günlərini necə keçirirsiniz?

- Həyatım boyu ilk dəfədir ki, belə bir durumla qarşılaşıram. Futbol, məşq, stadion yoxdur, sanki həyat durub. Düzdür, oğlumla mütəmadi olaraq fiziki məşqlər edirik, amma bu, məşq zalındakılarla eyni deyil. 

 

Bu qədər futbolsuz qalmaq oyunçularda psixoloji problemlər yaşatmayacaq ki?

- Bu problem təkcə futbolla məşğul olanlarda yox, hamıda baş verəcək. Yaşadığım illər ərzində bu qədər fəaliyyətsiz qalmamışdıq. İnsan istər-istəməz sarsıntı keçirir. İndi yaşadığımız diskonfort həyat idmançıların postpandemiya dönəmindəki çıxışlarını da təsir göstərəcək. 2 aydan çox müddətdə istədiyin kimi davranıb, daha sonra qrafiklə məşqə adaptasiya olmaq çətin olacaq.

 

- Operativ Qərargah idman yarışları ilə bağlı hər-hansısa bir qərar açıqlamayıb.

- Mayın 4-ü karantin rejimi bitir. Yəqin ki, bu müddətdən sonra kiçik qruplar halında məşqlərə icazə veriləcək. Hər halda dövlətimizin rəhbərlərinin qəbul edəcəyi hər hansısa qərarın arxasında duracağıq. Onların tapşırıqlarına əməl etməyə çalışacağıq.

 

- PFL və Federasiya Premyer Liqanın ləğv edilməsi ilə bağlı qərar qəbul edə bilərmi?

- Düşünmürəm ki, Azərbaycandakı vəziyyət o qədər də qəliz olsun. Rəqəmləri digər ölkələrdəki ilə müqayisə edəndə bizdə hər şeyin nəzarət altında olduğunu göstərir. Düşünürəm ki, dövlət rəsmiləri bu addımları məhz pandemiyanın geniş vüsət almaması üçün atırlar. Bu səbəbdən də Premyer Liqanın ləğv ediləcəyinə inanmıram.

 

- Millimizə yeni baş məşqçinin təyinatı istiqamətində hər hansısa yenilərmi varmı?

- İndiki halda sadəcə danışıqlar aparmaq olar. Ümumiyyətlə, futbol taleyi sual altındadır. FİFA, UEFA hələ də turnirlərlə bağlı dəqiq bir şey deyə bilmirlər. Məncə, AFFA da karantin rejimi tam bitdikdən sonra bu məsələyə qayıdacaq.

 

- Dünyanın bir çox ölkələrində futbolçular, məşqçilər maaşlarından imtina etdilər. Azərbaycanda da bu halın yaşanması mümkündürmü?

Bu tip xəbərlərlə mən də tez-tez rastlaşıram. Gəlin, həmin çempionatların səviyyəsinə nəzər yetirək. İspaniya, İngiltərə, Almaniya, Rusiya, Fransa və s. Hansı ki, bu ölkələrin liqalarında futbolçulara verilən maaşlar yüzminlər, milyonlardır. Bizdə isə maaşlar o qədər də yüksək deyil. Bu səbəbdən futbolçuların əmək haqlarının verilməsində hər hansısa problemin yaşanacağına inanmıram.

 

- Koronavirus səbəbindən tətbiq olunan karantin rejimi bitdikdən sonra ilk olaraq nə edəcəksiniz?

- Tofiq Bəhramov adına stadiona gedib, dərin bir nəfəs alacam. Futbol həsarətimə son qoyacam. İndiyə qədər heç vaxt belə uzunluqda futboldan kənarda qalmamışdım. Bu, biraz mənə təsir edir.