"Baş məşqçi ilə futbolçu arasında olan anlaşılmazlıqlara görə..."
Yuxarıdakı ifadəni futbol haqqında tez-tez eşidirik. Bu, bineyi-qədimdən futbolun əsas problemlərindən biri olub və bu gün də öz aktuallığını qoruyur. Nəticədə, bu mübahisələrin qurbanı ya baş məşqçi, ya da futbolçu olur. Əlbəttə, itki itkidir və komandaya mənfi təsir edən amildir. Son illərdə bu mənada ən yaddaqalan hadisə "Çelsi"də yaşandı. Komandanın "sükan"ı arxasına keçən italiyalı Konte sərəncamında olan ispan futbolçu Dieqo Kosta ilə düşmən oldu. Düzdür, Kosta özü də necə deyərlər, ipə-sapa yatmayan bir futbolçu idi. Mətbuatda tez-tez "Çelsi"nin bu iki fiquru haqqında qalmaqallarla bağlı yazılar dərc edilirdi. Konte sözügedən hücumçu ilə yola gedə bilmirdi. Yekun isə ispaniyalının komandadan ayrılması ilə nəticələndi. Bu ayrılıq "Çelsi" üçün böyük itki oldu. Azarkeşlər Didye Droqbadan sonra ən yaxşı hücumçularını itirdiklərinə təəssüfləndilər.
Bu mənada xeyli baş məşqçi və futbolçu adı çəkmək olar. Yeri gəlmişkən, Mourinyo və Qvardiolanı belə məşqçilərə, Lukaku, De Brüyne, İbrahimoviç kimi futbolçuları da "qurban"lara aid edə bilərik.
Bu məqamdan bir qədər də əvvələ gedək...
2007-2009-cu illər. Almaniya Bundesliqasında hegemonluq yenə "Bavariya"dadır. Yurqen Klinsmann yenilməz heyət formalaşdırıb. Bu yenilməz heyətin əsas parçalarından biri də Luka Tonidir. Hücumçu 2006-cı ildə "Skuadro Azzura"nın heyətində dünya çempionluğu yaşadıqdan sonra Münhen klubuna transfer edilib. 1.93 sm boylu, 88 kq çəkili nəhəng hücumçu demək olar hər oyun start "11-lik"də meydanda olur və qollarını sıralayır. Toni "Bavariya"da olmaqdan məmnunluq duyduğunu bildirir. Ancaq nə biləydi ki, görəcək günləri qarşıdadır...
Toninin Van Qal kabusu
Məqam yetişir və Klinsmann Münhen klubundan ayrılır. Onu bu postda təcrübəli hollandiyalı mütəxəssis Luis Van Qal əvəzləyir. İlk vaxtlar hər şey qaydasındadır. Komanda yenə öz əzəmətindədir. Klubun hücum xətti xüsusilə seçilir - İvitsa Oliç, Miroslav Kloze, Mario Qomez və Toni. Van Qalın əlində 4 potensiallı forvard var. Zaman keçir və hollandiyalı çalışdırıcı ən çox Kloze, Oliç və Qomezə şans verməyə başlayır. Luka Toni necə deyərlər, "offsaydda qalır". Bunun da səbəbi vardı, Van Qalla yola getmirdilər. Həmin dövrlərdə tez-tez mətbuatda bu iki şəxsin arasındakı qalmaqallar manşetləri "bəzəyirdi". Bu mübahisələr əksərən məşq proseslərində yaşanırdı. Hətta, təlim-məşq bazasında Van Qal italiyalını məşqdən də qovur. Loru dillə desək, gözü Tonini görmək belə istəmir. Burada da məşqçi "qazanır". Nəticə olaraq Toni "Bavariya"nın ikinci heyətinə yuvarlanır. Buna qədər əsas heyətdə çıxdığı son 60 oyunda 38 dəfə fərqlənən hücumçu ikinci heyətdə bir dəfə də olsun qol vura bilmir. Əlbəttə, Van Qal - Toni münaqişəsi azarkeşləri də məyus edir. Onlar artıq nəhəng hücumçunun baş zərbələrindən fərqlənməyini və özünməxsus şəkildə qola sevinməyini görmürlər. İkinci heyətdə oyunu alınmayan və ya "xəyal qırıqlığına" uğrayan italiyalı peşmançılıq içində ölkəsinə qayıdır.
Toni 2010-cu ildə "Roma"ya icarəyə verilir. "Canavarlar"ın heyətində 15 oyuna çıxan Toni cəmi 5 dəfə fərqlənir və elə həmin il A Seriyanın digər təmsilçisi "Cenoa"ya transfer edilir. Yeni klubunda 16 oyunda 3 dəfə rəqib qapılarına yol tapa bilir. Bir il sonra hücumçu İtaliya nəhəngi "Yuventus"a keçir. Burada da normal oyun sərgiləyə bilməyən Toni, Dubayın "Əl Nəsr" klubuna transfer olunur. Ardınca ona doğma olan və karyerası ərzində ən uğurlu dönəmlərindən birini keçirdiyi "Fiorentina"ya geri dönür. Bir il "Fiorentina"da top qovan Toni, nəhayət, son klubu olan "Verona"ya keçir. 2013-2016-cı illərdə bu klubda çıxış edən forvard 95 oyuna 48 qol vurur və futbolla vidalaşır.
Toni azarkeşlərin məhəbbətini qazanmağı bacaran futbolulardan idi. Ancaq Van Qaalla aralarındakı münaqişə ona karyerasını necə davam etdirəcəyi yöndə problemlər yaratdı. Jurnalistlər ona hollandiyalı baş məşqçi ilə aralarındakı münasibətlər barədə sual verərkən, Toni bu cavabı ilə hər şeyi nöqtələyir:
"Van Qal məni futboldan sildi.Karyeramda ən böyük zərbələr ondan gəldi..."
Daşqın Əziz