Misli Premyer Liqasının 2-ci turu başa çatdı. Bu turda 6 yox, 4 oyun keçirildi. Çempionlar Liqası və Konfrans Liqasının pley-offunda ölkəmizi təmsil edən “Sabah” və “Qarabağ”ın qarşılaşmaları təxirə salındı.
Tura Qəbələdə start verildi. Debütant “Şəfa” “Qəbələ”ni məğlub etdi. Bərabər səviyyəli oyun keçsə də, ev sahiblərinin bitiricilik problemi bu mövsüm də davam edir. “Şamaxı”da “fırtınalar qoparan” Karim Rossinin də “əli-qolu” bağlanıb. “Şəfa” ilk qələbəsinə sevindi, “Qəbələ” isə iki oyunun hər ikisində məğlub olan yeganə komandadır.
“Zirə” inamlı addımlarla yoluna davam edir. “Qartallar” bu dəfə “İmişli”ni məğlub etməyi bacardı. Yavaş-yavaş komandanın liderinə çevrilən Eren Aydın bu dəfə də özünü göstərdi. Matçın sonu dramatik alına bilərdi. “İmişli” 82-ci dəqiqədə hesabı minimuma endirsə də, qarşılaşmanın sonlarında qəsəbə təmsilçisi vurulan 3-cü qolla 3 xalı təmin etdi.
Sonuncu oyun günündə “Turan Tovuz” “Şamaxı”nı sınağa çəkdi. İlk yarı “Şamaxı”nın üstünlüyü ilə keçdi. Kurban Berdıyev də bundan narazılığını ciddi şəkildə bildirdi. İkinci hissədə cərimə zərbəsindən sonra topun qapıdan keçməsi ilə bağlı mübahisəli epizod yaşandı. Yekunda Tovuzdan qol səsi gəlmədi, “Şamaxı” ilk xalını ağır səfərdən qazandı.
“Neftçi” isə olduqca inamlı qələbə qazandı. Paytaxt təmsilçisi bu tur “Araz-Naxçıvan”ı məğlub etdi - 5:0. “Ağ-qaralar” bu qələbə ilə azarkeşlərini xeyli ümidləndirdi. Naxçıvan təmsilçisində isə vəziyyət heç də yaxşı deyil. Hədəfləri avrokubok olsa da, oyun və nəticələri elitada qalmaq üçün belə narahatlıq yaradır.
Misli Premyer Liqası növbəti - 3-cü turun təqvimi isə belədir:
“Qəbələ” - “Şamaxı”
“Kəpəz” - “Turan Tovuz”
“Sumqayıt” - “Qarabağ”
“Araz-Naxçıvan” - “Sabah”
“Zirə” - “Neftçi”
“Şəfa” - “İmişli”


