Basketbol üzrə Azərbaycan U-20 yığmasının baş məşqçisi Anar Sarıyev bu mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək klublarımızın hazırlıqlarını Offsideplus.az-a dəyərləndirib:

"Dəyərləndirməyə gəlincə, açığı, hələ ki klubların yalnız hansı oyunçuları transfer etdiyini görmüşük. Komandaların oyununu izləmədiyim üçün dəqiq bir söz demək çətindir.

Bununla belə, hər kəsin şansı bərabərdir. Uğur qazanmaq keyfiyyətli transferlərdən, eləcə də komandaların yaxşı təlim-məşq toplanışı və yoldaşlıq görüşləri keçirməsindən asılıdır. Məhz bundan sonra avrokuboklara yollanıb uğurla mübarizə apara biləcəklər.

"Sabah"ın hər mövsüm olduğu kimi, bu dəfə də çox yaxşı heyəti var. Mənə görə, onların şansı yüksəkdir. Düşünürəm ki, bu il də xalqımızı və basketbolsevərləri sevindirəcəklər.

"LANDAU Lions" ilk dəfə FIBA Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparacaq. Onlara qələbələr arzulayıram. Ümid edirəm ki, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaqlar. Əks halda belə, avrokuboklarda məşqçi Erhan Tokerə çox inanıram və komandanın uğurlu çıxış edəcəyinə ümid edirəm.

"Gəncə"nin heyətində hansı basketbolçuların yer aldığını tam bilmədiyim üçün qəti fikir bildirə bilmirəm. Lakin onlar da ilk dəfə avrokuboklarda çıxış edəcəklər. Onlara həm Azərbaycanı, həm də Gəncə basketbolsevərlərini sevindirmək üçün bol şans arzulayıram.

"Neftçi"yə gəldikdə, bu il həm yerli, həm də əcnəbi basketbolçularla yaxşı transferlər həyata keçiriblər. Onların da uğurlu çıxış etmək üçün böyük şansı var.

Yenə qeyd edirəm, əsas məsələ çoxlu hazırlıq matçı keçirməkdir. Oyunçular bir-birinə uyğunlaşmalı və anlaşmalıdırlar, uğurun böyük hissəsi bundan asılıdır.

Bütün komandalarımıza uğurlar arzulayıram. İnşallah, nəticələr basketbolumuz üçün sevindirici olar və gələcəkdə daha böyük nailiyyətlər qazanarıq".