UFC Sakramento turnirində oktaqona çıxacaq Reyne de Ridder karyerası boyunca yaşadığı çəki salma çətinlikləri və yarımağır çəkiyə keçidi barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, niderlandlı idmançı orta çəkidə çıxış etdiyi vaxtlar təlim-məşq toplanışının son altı həftəsini yalnız çəki kəsməyə sərf etdiyini bildirib:
"Gündə iki dəfə, mümkün qədər az yeyirdim ki, çəkim düşsün. Çəki atmaq məni məhv etdi. Mənim kimi 185 funt (84 kq) üçün böyük çəki salan döyüşçülər ildə maksimum iki-üç dəfə bunu edə bilər. Bundan artıq mümkün deyil — bədən, hormonlar, hər şey sıradan çıxır. Brendan Allen-lə döyüşdən sonra məşqləri tamamilə dayandırmalı oldum. Hətta pilləkənlə qalxanda nəfəsim çatmırdı, bədənimin bərpa olunacağına şübhə edirdim".
Əvvəllər "ONE Championship"də həm orta, həm də yarımağır çəkidə ikiqat çempion olan De Ridder artıq yarımağır diviziona (205 funt / 93 kq) qayıtdığını və özünü daha yaxşı hiss etdiyini vurğulayıb. O, indi rahat səhər yeməyi yediyini, bərpa prosesinin asanlaşdığını və uzun müddətdən sonra ilk dəfə gündə iki dəfə intensiv məşq edə bildiyini əlavə edib.
Bu şənbə UFC Sakramento-da gürcüstanlı Roman Dolidze ilə qarşılaşacaq niderlandlı döyüşçü yeni hədəflərindən də danışıb:
"Əgər yaxşı çıxış edib rəqibimi məğlub edə bilsəm, növbəti döyüşdə ilk onluqda yer almaq şansım olacaq. Bu, mənim üçün yeni başlanğıcdır və özümü UFC-yə ilk dəfə gələndəki kimi hiss edirəm. Belə davam etsəm, tezliklə zirvəyə yüksələcəyəm".


