Belarus atleti Kristina Timanovskaya 2019-cu ildə Minskdə keçirilmiş II Avropa Oyunlarında qazandığı medalı hərraca çıxarıb.

Offsideplus.az-ın məlumatına görə, idmançı 100 metrdə məsafəyə qaçışda əldə etdiyi 5 min ABŞ dolları dəyərində mükafat "eBay" satış platformasında  5,2 min dollara satılıb.

Bütün vəsait Belarus İdman Həmrəyliyi Fonduna köçürüləcək. Sözügedən təşkilat siyasi baxışlarına görə məhkum edilən və ya yarışlardan kənarlaşdırılan idmançıları dəstəkləyir.

Qeyd edək ki, daha əvvəl Timanovskaya məşqçilərin onu öz istəyi olmadan Tokio-2020 Yay Olimpiya Oyunlarında 4x400 metr məsafəyə estafet qaçışı üzrə yığmanın heyətinə daxil etdiklərini bildirib. İdmançı rəhbərliyin iş üslubunu tənqid etdiyi üçün yerli olimpiya komitəsi həkimlərin rəyinə əsasən, psixoloji durumuna görə olimpiadadan uzaqlaşdırılıb.

Komitənin onu Yaponiyadan ölkəsinə deportasiya etmək istədiyini deyən atlet təhlükəsizlik baxımından Belarusa qayıtmaqdan qorxduğunu bildirib və Tokiodakı Haneda hava limanında kömək üçün yerli polislərə müraciət edib. Polşa isə Timanovskayaya ölkəyə daxil olmaq üçün hümanitar viza verib. İdmançı hazırda Polşa paytaxtındadır.