Misli Premyer Liqasının 16-cı turunda "Turan Tovuz" "Şamaxı"nı məğlub etdi - 3:2.

Offsideplus.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Ayxan Abbasov mətbuat konfransında iştirak etdi. 

Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:

"Üzücü məğlubiyyət oldu. İki hissəyə bölərdim oyunu. Fasilədən öncə 3 və ya 4-cü qolu vura bilərdik. İkinci hissənin fərqli olacağını bilirdik. Rəqib hündür oyunçularını meydana buraxdılar. Gənc futbolçularım bir qədər panikaya düşdülər. Hər şey fərqli ola bilərdi. Lakin məğlub olduq. Rəqibi təbrik edirəm".

Çalışdırıcı komanda ətrafındakı söz-söhbətlər haqda danışdı:

"Sosial şəbəkələrdə oyunçuların komandadan ayrılmasını fərqli yozurlar. Hətta "Şamaxı"nın dağalacağını söyləyənlər var. Maddi problemin olduğunu deyirlər. Lakin hər şey qaydasındadır. Sadəcə, həmin 2 futbolçu ilə yollarımızı ayırmışıq. Digər məqamlarla bağlı klub rəsmi açıqlama verəcək".