"Karyeramda yeni bölüm başlayır. Türkiyədən sonra ölkənizdə legioner həyatı yaşayacağam. Bura gəldiyimə görə şadam".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Kəpəz"in yeni transferi Mahamadu Ba klubun rəsmi saytına açıqlamasında bildirib.
Malili futbolçu komandaya keçidindən və qardaş ölkə ilə bizim futbolun arasındakı fərqlərdən danışıb:
"Klubda məni olduqca mehriban qarşıladılar. Bir neçə gündür ki, düşərgədəyəm. Həvəslə məşq edirəm. Yaxşı bazamız var. "Kəpəz"in Bakıda "Zirə" ilə oyununu stadiondan canlı izləmək imkanım oldu. Komandanın çıxışı bilirəm ki, azarkeşlərin ürəyincə deyil. Amma kollektiv olaraq vəziyyəti dəyişmək üçün çalışırıq. Türkiyə ilə Azərbaycan futbolu arasında fərq təbii ki, var. Azərbaycanda komandalar fiziki oyuna üstünlük verməyə çalışırlar. İlk baxışdan hər halda belə görünür. Türkiyədə isə başqa cürdür. Super Liqada komandalar taktiki-texniki cəhətdən seçilməyə çalışırlar".