Misli Premyer Liqasının VII turunda "Neftçi" "Qarabağ"a, "Kəpəz" isə "Şamaxı"ya məğlub olaraq turnir cədvəlində müvafiq olaraq 9 və 10-cu yerləri "möhkəmləndirdi".
"Ağ-qaralar"ın və Gəncə klublarının cari mövsümə uğursuz startını Vaqif Cavadov Offsideplus.az-a şərh etdi.
"Klubun daxilində deyilik, deyə bilmərəm ki, nə problemlər var. Üzdə olan məsələ budur ki, Gəncə komandası yeni qurulub. Keçən ilki heyətdən bir çox futbolçular komandanı tərk edib. Dəyişikliklər baş verir, yeni komanda qurulur. Vaxta ehtiyac var. Hər bir işdə olduğu kimi futbolda da vaxt çox önəmlidir. İnanıram ki, Gəncə azarkeşləri yaxın bir zamanda sevinəcəklər.
"Neftçi"yə gəldikdə, eyni problemdir. Həm baş məşqçi gəlib, həm də yeni komanda qurulur. Əvvəl "Neftçi" fəlsəfəsi var idi, öz oyun planına görə oyunçular seçilirdi. İndi tam başqa bir baş məşqçi komandaya rəhbərlik edir, fərqli oyunçula üzərində dayanıb. Ona vaxt lazım olacaq. İnanıram ki, "Neftçi" yaxın bir zamanda toparlanıb, futbol camiəsinin, Azərbaycanın yenidən flaqmanına çevriləcək".
Hər iki klub üçün cari mövsüm nəyi uğurlu saya bilərik? sualına V.Cavadov belə cavab verdi:
"Kəpəz" üçün Premyer Liqada qalmaq uğurlu olar. Lakin "Neftçi" üçün hələ heç nə bitməyib, məncə, çempionluğa qoşula bilər. 3 dövrə var, potensial olaraq, hər şey irəlidədir".