Yenidən Premyer Liqaya qayıdan "Şamaxı"dan hərəkətlilik var.
Offsideplus.az xəbər verir ki, "münəccimlər" komandanı elitaya qaytaran Ramiz Məmmədovla yolları ayırdı. Hazırda Ayxan Abbasovla danışıqlar davam edir. Yəqin ki, mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Redaksiyamıza "Şamaxı" ilə bağlı yeni informasiya daxil olub. Bölgə təmsilçisi strategiyasını da dəyişmək niyyətindədir. Rəhbərlik ancaq yerli futbolçularla Premyer Liqada qalmağın mümkün olmadığını düşünür. Bu səbəbdən də klub strategiyasını dəyişərək 3-4 legioner transfer edəcək. Məlumatı dəqiqləşdirmək üçün klubun baş meneceri Kamran İsmayılovla əlaqə saxladıq. "Şamaxı" rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"Mətbuata açıqlamamda bildirmişdim ki, komandanı tam dağıdıb, 0-dan yığmayacağıq. I Liqada olan çox sayda oyunçu bizimlə qalacaq.
Legioner məsələsi rəhbərlik səviyyəsində müzakirə olunur. Son nöqtə hələ qoyulmayıb. Strategiyamızı dəyişirik? Bu barədə rəsmi qərarımız yoxdur. Lakin müzakirələr davam edir. Yaxın günlərdə ictimaiyyətə rəsmi açıqlama verəcəyik”.