Misli Premyer Liqasının 8-ci turunda “Qarabağ” “Neftçi” ilə heç-heçə etdi - 3:3.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında iştirak edib:
“Hər iki komandanın futbolçularına və azarkeşlərinə təşəkkür edirəm. Azarkeşlər üçün olan oyun idi. Futbolçular məğlub olmağa layiq deyildi. Qarşımızda çox bərk komanda var idi. İntizamlı idilər. Rəqibi oynamağa qoymayan kollektivdirlər. Futbolçular oyundan qopmadılar. Bizdə də çatışmazlıqlar var. Uyğunlaşma prosesi tam keçməyib. Yeni gələnlər tam uyğunlaşmayıb. Vacib olan xarakteri idi, onu da onu gördüm. Sona qədər çalışırlar. Daha yaxşı olmağa gücümüz var. Yaxşı məşq prosesi keçməliyik”.
“Qarabağ”ın gücü Sabah”la oyunda bilinəcək” fikrinə Q.Qurbanov münasibət bildirib:
“Bu fikirlə razı olmazdım. Bu futboldur. “Sabah”a məğlub olsaq, yanlış yanaşma olar. Qarşımızda uzun marafon var. Futbolçularımın potensialı var. “Sabah” və “Neftçi” fərqli səviyyəyə gəliblər. Daha çox çalışmalıyıq. Bu çempionatda asan rəqib yoxdur. “Turan Tovuz”, “Zirə”, “Şamaxı”, “Sumqayıt” və digərləri var. Mayın sonuna qədər bizi mübarizə gözləyir. Tam əminliklə deyə bilmirəm ki, bu heyətlə uğur qazanacağıq. 12 ildən sonra qrupa düşməməyimizlə naqdaun olduq. Təsnifat mərhələlərində titullu komandalara qarşı oynadıq. Avropa təcrübəmizi göstərə bildik”.
“Neftçi”nin çempionluq şansı barədə mütəxəssis bu sözləri deyib:
“Tam əminliklə demək olar. Meydanda öz oyunları var. Gücləniblər. Komanda ətrafında inam var. Son vaxtlar xatırlamıram ki, bu qədər “Neftçi” azarkeşi olmuşdu”.


