“Komandamdan, futbolçularımdan razıyam”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Kəpəz”ın baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının I turunda “Sabah”a qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: “Azərbaycanın ən güclü komandalarından birinə qarşı oynadıq. Buna baxmayaraq futbolçularım özlərini yaxşı tərəfdən göstərdilər, keyfiyyətli futbol nümayiş etdirdilər. Düşünürəm ki, komandamız qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcək. Bu oyuna görə futbolçularıma təşəkkür edirəm. Çempionat uzun marafondur, qarşıda hələ çox oyunlarımız var. İnşallah, hər şey yaxşı olar.

Bizim üçün təqvim ilk oyunlar baxımından uğurlu düşməyib. Lakin ilk turlarda hər bir komanda ilə oynayacağıq. Bizə vaxt lazımdır. Bilirsiniz, “Kəpəz” Premyer Liqada çıxış etdiyi beş ildə az qala hər il dağılır və yenidən yığılır. Bu il də istisna olmadı. Komandanın bir-birinə adaptasiya olması üçün zamana ehtiyac var. Ümid edirəm ki, növbəti oyunlarda xal götürə bilərik”.

Qeyd edək ki, qarşılaşma “Sabah”ın qələbəsi ilə yekunlaşıb - 2:0. Paytaxt təmsilçisinin heyətində Coy-Lens Mikels 72-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 90+1-ci dəqiqədə Xander Severina adını tabloya yazdırıb.