Ötən mövsüm icarə əsasında “Neftçi”də çıxış etmiş Freddi Varqas “ağ-qaralar”ın sıralarına dönə bilmir. Səbəb isə klubu “Makkabi”nin istədiyi məbləği flaqmanın verməməsidir.

Paytaxt təmsilçisi ötən gün təlim-məşq toplanışında son yoxlama görüşünə çıxdı, lakin Varqas məsələsi hələ də həllini tapmayıb.

Venesuelalı futbolçunun durumu ilə bağlı müsbət irəliləyiş varmı? Klubun mətbuat katibi Asəf Zeynallı Offsideplus.az-ın sorğusunu cavablandırıb. O, hansısa yeniliyin olmadığını deyib. 

Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Varqas “Neftçi”də 32 oyunda meydanda olub, 5 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.