"Tottenhem"in 28 yaşlı kapitanı və Argentina millisinin aparıcı müdafiəçisi Kristian "Kuti" Romero bu yay London klubunu tərk etməyə çox yaxındır.
Offsideplus.az xəbər verir ki, ötən mövsüm Premyer Liqada çətin günlər keçirən və liqada qalmaq mübarizəsi verən komandanın gedişatından məyus olan Romeronun gələcəyi böyük sual altındadır.
"Tottenhem" rəhbərliyi Djed Spensin transferi ilə bağlı "İnter"lə apardığı danışıqlar zamanı İtaliya klubuna Romeronu almaq variantını da təklif edib.
Müqaviləsi 2029-cu ilin iyununa qədər davam etsə də, ulduz müdafiəçini heyətinə qatmaq istəyən bir neçə iddialı klub var:
-
"İnter" Milanın marağı: İtaliya çempionu heyətinə təcrübəli bir mərkəz müdafiəçisi axtarır. Lautaro Martines və vitse-prezident Xavyer Zanettinin varlığı səbəbindən "İnter"dəki güclü Argentina mühiti və Romeronun daha əvvəl A Seriyasında ("Cenoa", "Yuventus", "Atalanta") oynaması bu keçidi olduqca real edir.
-
"Barselona" və "Atletiko Madrid": İspaniya klubları da oyunçunun vəziyyətini yaxından izləyir. "Barselona" müdafiə xəttini gücləndirmək üçün oyunçunun nümayəndələri ilə əlaqə saxlayıb.
-
De Zerbinin istəyi: "Tottenhem"in baş məşqçisi Roberto De Zerbi Romeronun komandada qalmasını və yeni qurulacaq müdafiə xəttinin mərkəzində yer almasını istəsə də, futbolçunun özünün ayrılmaq qərarında israrlı olduğu bildirilir.
Klub gələcəyi qeyri-müəyyən olsa da, Romero Argentina millisi ilə birlikdə 2026-cı il Dünya Çempionatında möhtəşəm çıxışını davam etdirir.
İsveçrə üzərində qazanılan 3:1 hesablı qələbədən sonra yarımfinala yüksələn Argentina yığması, çərşənbə günü finala gedən yolda məhz İngiltərə millisinə qarşı mübarizə aparacaq. Romeronun turnirdən dərhal sonra öz gələcəyi ilə bağlı yekun qərarını rəsmən açıqlayacağı gözlənilir.


