AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynovun Offsideplus.az saytına müsahibəsi.
– Bir müddətdir ki, AFFA tərəfindən futbolun inkişafı və müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr çərçivəsində “Eyeball” analitik platformasının istifadəsinə başlanılıb. Nədir bu “Eyeball”?
– “Eyeball” rəqəmsal platformadır. Burada oyunlar izlənilir, qeydə alınır və platformaya yüklənir. Sistem oyun ərzində futbolçuların performansı ilə bağlı məlumatlar təqdim edir. “Eyeball” bu məlumatları emal edərək statistik icmal hazırlayır. Məsələn, futbolçunun bir oyunda neçə ötürmə etdiyi və bu ötürmələrin neçəsinin uğurlu olduğu burada əks olunur.
– İlkin nəticələr necədir?
–Mövsümün sonuna yaxın qoşulduğumuz üçün uşaq və gənclər liqalarında layihə çərçivəsində indiyədək 80-ə yaxın oyun qeydə alınıb. Gələn mövsüm isə təxminən 1300 oyunun məlumat bazasını toplayacağıq.
Bu layihə sayəsində Azərbaycan futbolunda gənc oyunçular diqqətdən kənarda qalmayacaq. Bəzən bir skautun bütün oyunları izləməsi fiziki baxımdan mümkün olmur. Bəzən isə obyektiv və ya subyektiv səbəblərdən futbolçu haqqında düzgün informasiya əldə etmək çətinləşir. İndi isə futbolçunun bütün oyunlarına baxmaq və onu digərləri ilə rahat şəkildə müqayisə etmək mümkün olacaq. VEO kameraları indiyədək yalnız bir neçə akademiyada istifadə olunurdusa, biz bunu kütləvi şəkildə tətbiq etdik. Federasiyanın bağladığı müqaviləyə əsasən 26 kamera ölkəyə gətirildi və oyunların keçirildiyi stadionlara quraşdırıldı. Həm federasiyadan, həm də akademiyalardan məsul şəxslər bu layihəyə cəlb olundu.
– Layihə hansı liqaları əhatə edəcək?
– İlkin mərhələdə 15-19 yaş liqaları, milli komandalarımız və Qızlar Yüksək Liqası layihəyə daxil edilib. Ucqar regionlardakı akademiyalar da VEO kameraları ilə təmin olunub.
– “Eyeball”un tətbiqindən sonra uşaq futbolunda illərin problemi olan “day-day” sisteminin aradan qalxacağı deyilir. Sizcə, bu nə dərəcədə realdır?
– “Eyeball”un bizə qazandırdığı üstünlüklərdən biri məhz budur. Milli komandalara futbolçuların şəffaf şəkildə seçilməsi rəhbərliyin xüsusi diqqət yetirdiyi məsələlərdəndir. Artıq milli komandalara seçilən oyunçular üçün “Eyeball” vasitəsilə xüsusi izləmə mexanizmi olacaq.
Tutaq ki, hansısa mövqeyə futbolçu seçilir. Bu zaman məsul şəxslər seçim prosesi ilə bağlı hesabat təqdim edəcəklər. Federasiya da alternativlər olduğu üçün müqayisələr aparacaq. Artıq “filan futbolçunu izləmişəm, yaxşıdır” kimi arqumentlərlə seçim edilməyəcək.
“Eyeball”dan əvvəl məsul şəxslərin müxtəlif regionlara gedərək futbolçuları izləməsi kifayət qədər çətin idi. İndi isə bütün məlumatlar rəhbər şəxslərin qarşısında olacaq. Buna görə də hər kəs hansısa futbolçunu niyə seçdiyini konkret faktlar və statistik göstəricilərlə əsaslandırmalıdır.
– Valideynlər həmin məlumatları görə biləcəklərmi?
– Bəli.
– Bəs futbolçularımızla maraqlanan xarici klubların həmin məlumatlara çıxışı olacaqmı?
– Bəli. Ölkəmizin liqalarını “Eyeball”ın əməkdaşlıq etdiyi Avropa və dünyanın digər ölkələri üçün iki il müddətinə ödənişsiz əlçatan etmişik. Əslində bu xidmət ödənişlidir. Məqsədimiz liqalarımızın və futbolçularımızın tanınması, onların Avropaya transfer imkanlarının artmasıdır. Bununla bağlı “Eyeball”la xüsusi razılıq əldə etmişik. Bundan əlavə, mövsüm davam etdiyi müddətdə Azərbaycan liqaları haqqında “Eyeball”ın rəsmi sosial platformalarında maarifləndirici məqalələr dərc olunacaq.
– Akademiyalar bu mexanizmlə işləməyə nə dərəcədə hazırdırlar?
– Akademiyalarımızın bəziləri artıq VEO kameraları ilə işlədikləri üçün müəyyən təcrübəyə malikdirlər. Rəhbərliyin bu layihənin tətbiqində israrlı olmasının əsas səbəblərindən biri də Azərbaycan məşqçilərinin müasir alətlərlə işləmək bacarığını inkişaf etdirməkdir. Təhlillər göstərirdi ki, bu sahədə müəyyən problemlər mövcuddur. Gələcəyin məşqçisi rəqəmsal platformalardan istifadə etməyi bacarmalıdır. Bunun üçün xüsusi təlim proqramı hazırlamışıq. Eyni zamanda, “Eyeball” tərəfindən də mütəmadi təlimlər keçiriləcək.
– Bu sistemin tətbiqi məcburidirmi?
– Xeyr. İstənilən akademiya bu sistemdən imtina edə bilər. Bununla bağlı hər hansı məcburiyyət və ya cəza nəzərdə tutulmur.


