“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov iyunun 21-də Bakıda keçiriləcək UFC Fight Night yarışı ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, təcrübəli çalışdırıcı azarkeşləri azərbaycanlı döyüşçüləri dəstəkləməyə səsləyib.
“Hamını iyunun 21-də "Baku Crystal Hall"a gəlməyə və azərbaycanlı döyüşçülərimizi dəstəkləməyə dəvət edirəm. Özüm də Bakıda keçiriləcək UFC turnirində olacam. Bu vacib anda döyüşçülərimizin yanında olmalı, onlara dəstək göstərməliyik. "Baku Crystal Hall"da Azərbaycan azarkeşlərini görmək bizə xoş olardı. Avrokubok oyunlarında “Qarabağ”ın matçları zamanı stadionu 30-35 min azarkeş doldurur. Hər kəsi Bakıda keçiriləcək UFC turnirinə dəvət edirik”, - deyə Q.Qurbanov vurğulayıb.
Qeyd edək ki, UFC Baku Fight Night-da 3 azərbaycanlı döyüşçü - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev mübarizə aparacaq.