"Evdə döyüşdüyüm üçün xoşbəxtəm. Ölkəmin, insanlarımın önündə çıxış edəcəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri UFC Döyüş Gecəsindən öncə keçirilən mətbuat konfransında Rafael Fiziyev söyləyib. Azərbaycan təmsilçisi yerli azarkeşlərin dəstəyini yüksək qiymətləndirib: "Burdakı azarkeşlər döyüşü sevən, ağır azarkeşlərdir. Birlikdə söhbətlər etdik. Enerji əladır".
32 yaşlı döyüşçü qarşıdan gələn görüşü və rəqibi İqnasio Bahamondesi dəyərləndirib: "Özümü daha yaxşı mübarizə aparmaq üçün məcbur edəcəm. Qəfəsdəki bir adamın döyüşü yaxşı keçirməyə çalışması çətindir. Hər iki döyüşçü döyüşün əla keçməsi üçün çalışırsa, bu başqa məsələ. İqnasio da şou göstərmək istəyirsə, ona təşəkkürlər. Mən bonusu da götürmək istəyirəm. Biz MMA döyüşçüləri təslim etməyə, güləşməyə, hər şeyə hazırıq. Məni təslim etmək rəqib üçün çətin olacaq".
"Qafqaz bölgəsində hamımızın qanında güləşmək var. Güləş də ola bilər, ayaq üstündə döyüş də. Bir şeydən əmin ola bilərsiniz ki, maraqlı olacaq", deyə R.Fiziyev döyüş planı barədə danışıb.
Rafael çəkisini dəyişdirmək barədə yayılan xəbərlərə münasibət bildirib: "Castin Qeyci ilə görüşdən əvvəl asan çəki atdım. Ona görə fikirləşdim ki, bəlkə 66 kq-da mübarizə aparım? Amma həkimlər bildirdi ki, bu çəki bədən quruluşuma uyğun deyil".