Keçmiş UFC yüngül çəkidə çempion Deiveson Figueiredo UFC 332-də Payton Talbottla qarşılaşmaya ciddi hazırlaşdığını bildirib. Braziliyalı idmançı iki ay Tailandda məşq etdikdən və rəqibinin döyüşlərini izlədikdən sonra döyüş üçün xüsusi strategiya hazırladığını vurğulayıb.
Offsideplus.az xəbər verir ki, Figueiredo media günündə çıxışı zamanı "Çox yaxşı planımız var. Şənbə günü qəfəsə çıxıb ya nokaut, ya da erkən qələbə qazanmaq istəyirik" deyib. O, 2023-cü ildən bəri bantam çəki dərəcəsində çıxış edir və ilk üç döyüşündə qələbə qazansa da, son beş qarşılaşmada yalnız bir dəfə qalib gəlib. Figueiredo UFC-nin Payton Talbottu ön plana çıxardığını qeyd edib və bu döyüşü öz karyerası üçün yeni imkan kimi dəyərləndirib. "Bu çəki dərəcəsində Talbottdan daha güclü döyüşçülər var, amma UFC mənə onu verdi. Mən də bu fürsətə görə minnətdaram. Qələbə qazanıb yenidən Tailandda hazırlıq keçmək və reytinqdə daha yuxarıda olan döyüşçülərlə qarşılaşmaq istəyirəm" deyə əlavə edib.
Figueiredo həmçinin köhnə çəki dərəcəsinə qayıdıb hazırkı çempion Joshua Van ilə döyüşmək istədiyini açıqlayıb. "UFC-yə dəfələrlə bildirmişəm ki, həmin çəkiyə asanlıqla düşə bilərəm. Sadəcə bu döyüşü təşkil etsinlər. Görək, onun boksu mənimki qədər güclüdürmü" deyə Figueiredo vurğulayıb.


