Braziliyalı veteran döyüşçü Edson Barboza UFC 330 turnirində Esteban Ribovicsə məğlub olduqdan sonra peşəkar karyerasını başa vurduğunu açıqlayıb. Filadelfiyada keçirilən tədbirdə yüngül çəki dərəcəsində baş tutan qarşılaşmada Barboza əsas kartın ilk döyüşündə qəfəsə çıxıb və ikinci raundda texniki nokautla uduzub.

Offsideplus.az xəbər verir ki, Ribovics Barbozanı qəfəsin kənarına sıxışdıraraq ardıcıl zərbələrlə üstünlük əldə edib və hakim Herb Din döyüşü 1:32-də dayandırıb. Qələbədən sonra Ribovics Barbozanı öz idolı adlandırıb və onunla döyüşməyin böyük şərəf olduğunu bildirib. Barboza isə döyüşdən sonra göz yaşlarını saxlaya bilməyib, əlcəklərini qəfəsin ortasında yerə qoyaraq rəsmi şəkildə idmandan getdiyini elan edib. "Sadəcə təşəkkür edirəm. Hər gün, hər döyüşdə əlimdən gələni etdim. Ümid edirəm, azarkeşlər zövq aldı. Təşəkkür edirəm", – deyə Barboza bildirib.

Döyüş boyunca Barboza özünəməxsus ayaq zərbələri ilə fərqlənməyə çalışsa da, Ribovicsin güclü kombinasiyaları və davamlı hücumları üstün gəlib. Birinci raundun sonlarında Barbozanın ayağında dərin kəsik yaranıb və qanaxma baş verib. Buna baxmayaraq, o, döyüşü davam etdirib, lakin ikinci raundda Ribovicsin hücumları qarşısında aciz qalıb. Barboza UFC tarixinin ən parlaq və tamaşaçıların sevimlisinə çevrilmiş döyüşçülərindən biri kimi yadda qalacaq.